Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Kürdəmir məktəbliləri Tovuza yola düşüblər

15 mart 2019 | 16:00

Kürdəmir, 15 mart, AZƏRTAC

Kürdəmir rayonundan olan 40 nəfər yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola salınıb. Bu münasibətlə Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Valideynlərin və müəllimlərin də iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov maarifləndirici tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb. İcra hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər Azərbaycanın tarixinə qısa nəzər salaraq, İrəvan xanlığı və digər ərazilərimiz hesabına Ermənistan dövlətinin yaradılmasından, ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdlarından didərgin salınmasından, Xocalı soyqırımından, işğal edilən ərazilərimizdə tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsindən danışaraq, bütün bunlar barədə şagirdlərin ətraflı məlumatlara yiyələnmələrinin vacibliyini bildiriblər.

Çıxış edənlər məktəblilərə Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz bölgəsinin tarixi və mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı, bugünkü dinamik inkişafı barədə zəngin məlumatlar almağı tövsiyə ediblər.

Övladı tur-aksiyada iştirak edən Rauf İsmayılov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Uşaqlarımız bu səfərdən çox şey qazanacaqlar. Həm gözəl istirahət edəcək, həm Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə məlumatlandırılacaq, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bugünkü sürətli sosial-iqtisadi inkişafını gözləri ilə görəcəklər. Əminəm ki, onlar səfərdən zəngin təəssüratlarla qayıdacaqlar”.

Sonra məktəblilər avtobusa əyləşərək Tovuza yola düşüblər.

Keçidlər