Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir

14 fevral 2019 | 16:00

Fevralın 14-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslamda vətənpərvərlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Carlı kənd “İmam Hüseyn”  məscidi dini icmasının sədri Cümşüd Kərimov, rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü biruzə verir. E.Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Natiq milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliği istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında qeyd edib ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov və digər natiqlər də çıxışlarında vurğulayıblar ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər