Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Kürdəmir rayonunda istifadəyə verildi

22 oktyabr 2018 | 16:00

Ölkə ərazisində sürətli formada həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Kürdəmir rayonunda praktiki istifadəyə verildi. Bu günə qədər bu layihənin praktiki istifadəsi 25 rayonda reallaşıb. 
Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 oktyabr tarixində “Kürdəmir rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda İctimai təqdimat keçirilib. Bunun nəticəsində həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi.
Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdi. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu.
Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, uçot işlərinin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir. Həmçinin tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Kürdımir rayonunun bələdiyyə, relyef, meyillilik xəritələri, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirildi.  
Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotunun həyata keçirilməsi, Kürdəmir rayonundakı torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının paylarını müəyyən etdi. Eləcə də vətəndaşlara məxsus özəl torpaqların xüsusi çəkisi hesablandı.Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələri də tərtib edilməsini mümkün etdi. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Reallaşan uçot işləri Kürdəmir rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 100.7 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 43.5 min hektar bələdiyyə, 13.1 min hektar dövlət, 44.1 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 73.5 min hektara yaxını (72.9%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 54.3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 46.2 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 54.3 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 6.2 minə yaxının torpaq ölçüləri 1.0 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.
Layihənin reallaşdığı müddət ərzində Kürdəmir rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nəticələr təhlil olunub. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı düzgün planlama üçün yardım edir.
Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin hesabında olan torpaqların da hansı ərazidə yerləşməsi, sahəsi, sərhədləri barədə dəqiq məlumatlar müəyyən olunub. Eyni zamanda sakinlərin istifadəsində olan faktiki ərazi və qanuni sənədlərdə göstərilən sahə arasında olan mövcud fərqlər aradan qaldırılır.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

Keçidlər