Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Kürdəmirdə

28 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu mayın 1-dən Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlayacaqdır.
“Asan xidmət”ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində, rayon təhsil şöbəsinin inzibati binasının qarşısında quraşdırılan elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu, mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Xidmətin əməkdaşları mayın 31-dək (30 gün ərzində) Kürdəmirdə olacaqlar.

Keçidlər