Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dövlət Bayrağı Günü” münasibətilə tədbir və bayraq aksiyası keçirilib

09 noyabr 2020 | 16:00

Noyabrın 9-da Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi və YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Dövlət Bayraq Günü” münasibətilə pandemiya şərtlərinə müvafiq qaydalara uyğun olaraq tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov , rayonun fəal gəncləri və könüllüləri iştirak etmişlər.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov vurğulayıb ki, elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıqdır, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla, Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Bu nailiyyətlərin davamı olaraq 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncamı, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalaması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsi kimi böyük razılıqla qarşılandı.
Rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov bildirir ki, Şuşanın azad edilməsi münasibətilə şanlı ordumuzu və Azərbaycan xalqını təbrik edirəm, dövlətimizin başçısına bu qələbəyə görə minnətdarlığımı çatdırıram. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücaəti sayəsində işğaldan azad edildi. Əminəm ki, ordumuz işğal altındakı digər torpaqlarımızı da azad edərək ərazi bütövlüyümüzü tam təmin edəcək, erməni işğalını öz müzəffər yürüşü ilə sonlandıracaq.
Çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bildirir ki, Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə bütün qüvvəsi ilə iştirak edən dövlətimiz, üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir,
əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə təcəlla etdirir. Bayrağımız dalğalandığı hər bir ölkədə siyasi qələbəmizin təntənəsi kimi qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi yüksəlir.
Vəsilə Əsgərli bildirir ki, 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir.
Vəsilə Əsgərli ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Natiq, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.
Vəsilə Əsgərli çıxışında dünən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Ordumuzun bu uğurunun hərbi-siyasi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək. Şanlı ordumuzun Ermənistanın hərbi qüvvələrini işğal olunmuş torpaqlarımızdan qovub çıxarmaq istiqamətində apardığı şiddətli döyüşlərdən qürur duyuruq. Bu gün bütün Azərbaycan xalqı gözünü cəbhəyə dikib, oradan xoş xəbərlər gözləyir. Tədbirdə “Qarabağ Azərbaycandır !”, “Yaşasın Ali Baş Komandan !”, “Yaşasın Azərbaycan Ordusu !” kimi şüarlar səsləndirilmişdir
Tədbir rayon ərazisində yaşayan sakinlər arasında bayraq aksiyası keçirməklə yekunlaşdırılıb.

Keçidlər