Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumdünya Statistika Günü: şəffaflıq və inkişafın rəmzi”

17 oktyabr 2025 | 11:18

Statistika müasir dövrdə dövlət idarəçiliyinin, iqtisadi planlaşdırmanın, sosial tədqiqatların və elmi qərarların qəbulunun əsas dayağı hesab olunur. Ən sadə dillə desək, statistika məlumatların toplanması, təhlili, interpretasiyası, təqdimatı və təşkili ilə məşğul olan riyaziyyatın bir qoludur.  Qloballaşan dünyada ölkələrin iqtisadi və sosial inkişafının ölçülməsi, qiymətləndirilməsi və beynəlxalq müqayisələr aparılması məhz statistik göstəricilər vasitəsilə həyata keçirilir. Bu baxımdan, BMT-nin təşəbbüsü ilə təsis edilmiş Ümumdünya Statistika Günü statistik məlumatların əhəmiyyətini bütün dünyaya çatdırmaq, rəsmi statistika istehsalçılarının fəaliyyətini təqdir etmək və məlumat keyfiyyətinə ictimai diqqəti artırmaq məqsədi daşıyır. BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur və bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur.
BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında Ümumdünya statistika günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır. Ümumdünya Statistika Gününün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın cəmiyyət həyatında rolunu və əhəmiyyətini vurğulamaq, dövlət qurumları, özəl sektor, tədqiqat institutları və vətəndaş cəmiyyəti arasında məlumat mədəniyyətini formalaşdırmaqdan ibarətdir.  
Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib. Mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, Ümumdünya Statistika Günü ərəfəsində keçirilən Forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub.
Forum zamanı  “Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, institusional inkişaf tədbirləri, informasiya mühitində rəsmi statistikanın rolu, süni intellektin tətbiqi, smart-data texnologiyaları, məlumat inteqrasiyası və inklüziv data idarəçiliyi, generativ süni intellektin statistik hesabatların keyfiyyətini artırmaq imkanları, yoxsulluğun ölçülməsi, satınalma qabiliyyəti paritetlərinin hesablanması və onların sosial-iqtisadi təhlillərdə istifadəsi məsələləri diqqət mərkəzində olub. 
Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilir və qaliblər mükafatlandırılır.
Ölkəmizdə statistiklər üçün 2025-ci il xüsusilə önəmli bir ildir. Bu ildə Azərbaycanda rəsmi statistikanın 105 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunmuşdur.  1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilmiş və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilmişdir.
Uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlamış, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan  Respublikasının Qanunu imzalanmış və bu tarixdən qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır. Qanunun qəbulu ilə statistika sahəsində yeni bir dövr başlamış, ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara əsasən müvafiq dəyişikliklər aparılmışdır. Həm də qanunun qəbulu dövlət statistika orqanlarının nüfuzunun artmasında, hesabat intizamının yüksəlməsində və dövlət məlumatlandırma sisteminin təkmilləşdirilməsində əsas rol oynamışdır.
Cənab Prezident İlham Əliyev ölkədə statistikanın inkişafına, şəffaf və dəqiq məlumatların toplanmasına böyük qayğı və diqqət göstərir. Onun rəhbərliyi ilə Dövlət Statistika Komitəsinin fəaliyyəti müasir tələblərə uyğunlaşdırılmış, rəqəmsal texnologiyaların tətbiqi genişləndirilmiş və beynəlxalq standartlara uyğun sistem formalaşdırılmışdır. Prezident İlham Əliyevin tapşırıqları ilə rəsmi statistika sistemi Avropa İttifaqı və BMT standartlarına uyğunlaşdırılıb. Elektron məlumat toplama, sorğuların rəqəmsal aparılması və avtomatlaşdırılmış hesabat sistemləri yaradılıb. Rəqəmsal statistika proqramları həyata keçirilir ki, bu da məlumatların daha operativ və şəffaf toplanmasına şərait yaradır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, dövlət siyasətinin düzgün qurulması üçün etibarlı statistik məlumatlar əsasdır. O, iqtisadi inkişaf, sosial rifah və regionların inkişaf proqramlarının  uğurlu icrasını dəqiq statistik təhlillərlə əlaqələndirir.
Ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 6 əsas dövlət proqramı və strateji sənəd həyata keçirilib və bu proqramlar ölkədə müasir, şəffaf və beynəlxalq standartlara uyğun statistika sistemi qurulmasına xidmət edib.
Statistika planlaşdırma, idarəetmə və qərar qəbul etmənin elmi bazasıdır. O, hər bir ölkənin sosial-iqtisadi inkişafını ölçmək, problemləri müəyyənləşdirmək və düzgün strategiya qurmaq üçün vacibdir.
Gələcəkdə statistikanın qarşısında duran əsas vəzifə ənənəvi məlumatı toplama üsullarından rəqəmsal, ağıllı və real vaxt əsaslı statistikaya keçid etməkdir. Bu məqsədlə Azərbaycan dövləti və Dövlət Statistika Komitəsi qarşısına məqsəd qoyur ki, məlumat toplama prosesi sürətli, dəqiq və şəffaf olsun. Statistika hər bir vətəndaş, tədqiqatçı və sahibkar üçün praktik əhəmiyyət daşısın.

Kürdəmir Rayon Statistika İdarəsi

Keçidlər