Kürdəmirdə “Sağlam həyat naminə narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilib.
Kürdəmirdə “Sağlam həyat naminə narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir Peşə Liseyində “Sağlam həyat naminə narkotiklərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul işçisi Vasif Quliyev, Kürdəmir Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin Əhmədov, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşı Elman Bünyatov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının üzvləri və Kürdəmir Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda tələbələrə narkotiklər və psixotrop maddələrin zərərləri barədə maarifləndirici bukletlər paylanılıb.






