Kürdəmirdə Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub.
Mayın 27-si rayonun Heydər Əliyev Mərkəzində 28 May Müstəqillik Günü münasibətilə “Şərqin ilk demokratik Respublikası – Azərbaycan Xalq Cümhuriyyəti” adlı dəyirmi masa keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki yerindən danışıb, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikrini də xatırladıb.
Digər çıxışçılar dövlətçilik tariximizdə önəmli yerə malik olan AXC-nin 23 ay mövcud olmasına baxmayaraq, böyük bir bölgənin siyasi həyatında mühüm rol oynadığını vurğulayıblar.