Kürdəmirdə “Himayədar ailə institunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin 29 dekabr 2023-cü il tarixli Tədbirlər Planına əsasən Kürdəmir Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının birgə təşkilatlığı ilə 20 dekabr 2024-cü tarixdə Kürdəmir Gənclər Evində “Himayədar ailə institunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər mövzu ətrafında fikirlər bildirdilər.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Övladlığa götürmədən fərqli olaraq “himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır.
Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər.
"Himayədar ailə" qayğı modeli üzrə müraciət və xidmətlərin idarəedilməsi övladlığa götürmədə olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcəkdir.