Kürdəmirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi ” mövzusunda dəyirmi masa keçirib.
30 yanvar 2023 | 17:36
Yanvarın 30-da YAP Kürdəmir rayon təşkilatının inzibati binasında “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral Gənclər Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları YAP Kürdəmir rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi əhəmiyyətindən, ulu öndərin təhsilə, mədəniyyətə, idmana olan qayğısından, Yeni Azərbaycan Partiyasının tarixindən, şərəfli inkişaf yolundan, dövlətin gənclərə olan diqqətindən ətraflı söhbət açıblar. Onlar bildiriblər ki, Ulu Öndərimiz Heydər Əliyevin 1 fevral 1997-ci il tarixdən imzaladığı fərmana əsasən fevral ayının 2-si Azərbaycan Gəncləri günü elan edildi. Ümummilli Liderimiz sonrakı mərhələdə gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət 2003-cü ilin oktyabrından etibarən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Ölkə rəhbəri, partiyamızın Sədri gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevirlməsi prosesinə öz töhfəsini verməyə çalışır.