Kürdəmirdə Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
18 noyabr 2022 | 09:50
16 noyabr 2022-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı, Kürdəmir rayon Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Şirvan aşıq mühitinin patriarxı Aşıq Bilalın ən layiqli davamçısı Aşıq Şakir Hacıyevin adının bu gün də dillər əzbəri olmasından danışıblar. Aşıq Şakir dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkarlardandır. Məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalarından “Şirvan şikəstəsi”, “Kərəmi”, “Zarıncı”, “Səhər-səhər”, “Nə bağ bildi, nə də bağban”, “Boylana-boylana”, “Bala Nərgiz”, “Bakı” və onlarla belə təkrarolunmaz sənət incilərinə öz möhürünü vurub.
Daha sonra ustad sənətkarın 100 illiyi münasibətilə çapdan çıxan “Aşıq Şakiri ürəklərdə axtarın” və “Yolun düşsə bu dünyaya bir də gəl!” adlı kitablar tədbir iştirakçılarına təqdim edilib.
Sonra Aşıq Şakirin ifasında lent yazısı – “Nə bağ bildi, nə də bağban” aşıq havası səsləndirilib.