Görkəmli akademik Ağamusa Axundovun 90 illik yubileyi keçirilib.
Aprelin 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşəbbüsü və təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Respublikanın tanınmış dilçi alimi, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli akademik Ağamusa Axundovun 90 illik yubiley tədbiri keçirildi.
Tədbiri Muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq tanınmış dilçi alim Ağamusa Axundovun səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən, dövlətimizin görkəmli alimin elmi fəaliyyətinə verdiyi yüksək dəyərdən danışdı.
Əməkdar İncəsənət xadimi, AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək Ağamusa Axundovun elmi yaradıcılığa başlamazdan əvvəl, hələ erkən gəncliyində bədii ədəbiyyat,publisistika, eləcədə tərcümə sahəsində də qələmini sınamasından danışmışdır. Xalq yazıçısı Azərbaycan Yazıçılar Birliyi ağsaqqallar şurasının üzvü olan Ağamusa müəllimlə nəinki ölkə daxili tədbirlərdə, elcə də, beynəlxalq tədbirlərdə birlikdə iştiraklarından, uzun illərin dostluğundan, yoldaşlığından yadigar qalan xatirələri tədbir iştirakçıları ilə bölüşdü.
A.Axundovun Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən söz açan AMEA vitse-prezidenti, Əməkdar Elm xadimi, akademik İsa Həbibbəyli Ağamusa Axundovun bu sahədə elmi məktəb yaratdığını vurğulayaraq, alimin bu sahənin görkəmli nümayəndələrindən biri olmasını, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminə böyük töhfələr verməsini, bütün ömrünü bu sahəyə, AMEA-nın inkişafına həsr etdiyini bildirib. O, qeyd edib ki, alimin fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunub. Bu sanballı tədqiqatın elmi dəyərini yüksək qiymətləndirən Azərbaycan dövləti fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq alimi Azərbaycan Dövlət Mükafatına layiq görüb.
Azərbaycan Atatürk mərkəzinin direktoru, Əməkdar Elm Xadimi akademik Nizami Cəfərov çıxışında A.Axundovun uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına mühüm töhfələr verməsini, bu sahədə çoxlu dilçi alimlər, mütəxəssislər, filoloqlar yetişdirməsini, bir çox monoqrafiyaların, o cümlədən Azərbaycan filologiya elmi tarixində dəyərli mənbə hesab edilən 500-dən artıq elmi əsərin müəllifi olmasını qeyd edib.
Tədbirdə çıxış edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, AMEA Folklor İnstitutunun baş direktoru Muxtar İmanov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmlər doktoru, profüssor Nadir Məmmədli, Kürdəmir şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayeva və Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov çıxışlarında görkəmli alim, təvazökar və səmimi insan olan A.Axundovun zəngin elmi irsinin daim yaşayacağını, xalqımıza, elmimizə xidmət edəcəyini, nəsillərdən-nəsillərə ötürüləcəyini vurğuladılar.
Tədbirdə Yapon alimi türkoloq Tori Hayaşi, Türkiyəli akademik Zeynep Korkmaz, türkoloq və yazar Ahmet Bican Ercilasun görkəmli akademik A.Axundovun dilçilik və türkologiya sahəsində beynəlxalq aləmdəki nüfuzundan, görkəmli alimlə bağlı xatirələrindən bəhs edən videolentləri səhnədə qoyulmuş monitor vasitəsi ilə nümayiş edildi.
Məktəblilərin Ağamusa Axundova həsr olunmuş şeirlərin səsləndirilməsi tədbir iştirakçılarının alqışlarına səbəb oldu.
Yubiley tədbirində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov Akademik Ağamusa Axundovun adının əbədiləşdirilməsi ilə bağlı rayon ictimaiyyəti nümayəndələrinin təklifini müsbət qarşıladığını və tədbir görüləcəyini bildirdi. İcra Başçısı qeyd etdi ki, ömrünün çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən A.Axundovun irsi gələcək nəsillərə layiqli töhfədir.
Tədbirin sonunda Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdulla Ağamusa Axundovun ailəsi adında çıxış edərək A.Axundovun Azərbaycan dilçilik elminin beynəlxalq aləmdə tanınan və qəbul olunan görkəmli nümayəndəsi və bu sahədə bir neçə elmi məktəbin yaradıcısı və banisi olduğunu bildirdi. O, çıxışının sonunda akademik Ağamusa Axundovun ailəsi və doğmaları adından alimin xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbir A.Axundovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmdəki çıxışından bir epizodla və həyat tarixçəsinin hesabatı kimi səslənən “Ömür” şeirinin səsləndirilməsi ilə sona çatdı.