Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Kürdəmir rayonunu təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Kürdəmir rayonunu təmsil edəcək uşaqlarla Rayon İcra Hakimiyyətində görüş keçirilib, iştirakçı vərəqələri təqdim olunub.
Forumda rayonumuzu Beynəlxalq Dövlət Universitetinin I kurs tələbəsi Alıyeva Lalə Rövşən qızı, şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Xəlilov Elmir Elnur oğlu və şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Qəhrəmanlı Ramiz Taleh oğlu təmsil edəcəklər.
Ölkəmizin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçılar 7 mövzu üzrə qruplaşaraq müzakirələr aparacaq, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayacaq və əsaslandırılmış təkliflərlə çıxış edəcəklər.