Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

29 avqust 2019 | 16:00

Avqustun 29-da Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları,  rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Fətvası oxunub.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib. O, qeyd edib ki, xalqımız hər zaman Məhərrəmlik mərasimlərini qanun çərçivəsində qeyd edib və bu ənəni bu gün də yaşadır.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin və QMİ- nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərovun çıxışları dinlənilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə eyni zamanda sentyabrın 1-də Müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər