Kürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilib
İyulun 12-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Pirili kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Pirili kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin tikintisi başa çatdırılıb, Asan Xidmət Kompleksinin binasının tikintisi bitmək üzrədir, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərcik salınır. Ceyhun Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş elektrik dirəkləri və naqillərinin dəyişdirilməsini, qaz təchizatı, Pirili kənd tam orta məktəbinin əsalı təmir olunmasını,kənddaxili yolların təmir olunmasını, suvarma su təchizatı, kənd təsərrüfatı və torpaq məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonun 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisinə görə ölkər rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.