Kürdəmirdə 22,6 tondan çox barama tədarük olunub
Kürdəmir, 27 iyun, AZƏRTAC
Kürdəmir rayonunda barama tədarükü başa çatıb və kümçülər “Şəki ipək” ASC-yə 22 ton 640 kiloqram yaş barama satıblar ki, bu da ötən ildəkindən 2 ton 306 kiloqram çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 253 nəfər kümçü tərəfindən 825 qutu baramaqurdu toxumu bəslənilib və yaxşı məhsul yetişdirilib. Rayonun təcrübəli kümçüləri ilə tanınan Köhünlü inzibati ərazi dairəsində 7 ton barama tədarük edilib. Habelə, Carlıda 3,6 ton, Mollakənddə 2,8 ton məhsul istehsal olunub.
Qeyd edək ki, baramaçılıq rayonda ənənəvi sahədir və bu sahədə xeyli təcrübəli kümçülər vardır. Belə ki, cari mövsümdə Mollakənd ərazi dairəsindən Mahmud Vəliyev 482,2 kiloqram, Qocalıdan Nahid Budaqov 315 kiloqram, Ərəbxanadan Miri Əzizov 253 kiloqram yaş barama təhvil veriblər.