Kürdəmirdə “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib
İyunun 14 -də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “15 İyun - Milli Qurtuluş Günü” nə həsr olunmuş dəyirmi masa təşkil edib.
Rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP Kürdəmir rayon təşkilatının fəalları, rayon təşkilatının şura və idarə heyəti üzvləri, Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının foyesindəki büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli tədbir iştirakçılarını “Milli Qurtuluş Günü” münasibətilə təbrik edərək məruzə ilə çıxış etmişdir. Ağali Kərimli qeyd edib ki, “Milli Qurtuluş Günü” xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Bildiyiniz kimi 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kuliminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, qətiyyətsizliyi yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur.Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səriştəsizliyi ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdır.
Ağali Kərimli qeyd edib ki, bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbrsizliklə gözləyirdi.Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Ümummilli Lider Heydər Əliyev qayıtdı.Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə milli Qurtuluş Günü daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Yalnız Ulu Öndər Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır.
Dəyirmi masada rayon təşkilatının idarə heyətinin üzvü, Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov, Rayon təşkilatının şura üzvü, “Qarabağ ” ərazi ilk partiya təşkilatının sədri Mehrab Abdurahmanov, rayon təşkilatının şura üzvü
Qasım Hüseynov və rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə tarixi qayıdışından sonrakı fəaliyyətindən, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması olmasından, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışdılar.