Kürdəmir şəhər sakinlərinin qəbulu keçirilib
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Kürdəmir şəhərinin sakinləri ilə növbəti səyyar qəbulunu keçirib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, ölkə rəhbəri bir başa problemləri şəxslərin özündən eşidib, vətəndaşları narahat edən məsələlərin operativ həlli istiqamətində lazımi tədbirlərin görülməsini tapşırır.
Qəbulda iştirak edən şəhər sakinləri çıxış edərək ərazi vahidliyində görülmüş işlər və həyata keçirilən tədbirlər barədə danışıblar. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qəbulda şəhər sakinlərinin Kürdəmir şəhərində tikintisi yarımçıq qalmış kanalizasiya xəttinin çəkilməsi, içməli su təchizatı, yol, təhsil və digər məsələlər ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.