Kürdəmir rayonunun 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Nadir oğlu Əliyevin hesabat məruzəsi
Hörmətli yığıncaq iştirakçıları!
Ulu Öndər Heydər Əliyev strategiyasından qaynaqlanan, elmi əsaslara və bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi iqtisadi inkişafın Azərbaycan modelinin alternativsiz olduğunu bir daha sübut edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 14 aprel tarixli iclasında bu ilin 3 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 3 ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunduğunu qeyd etmişdir.
Aparılmış uğurlu islahatların nəticəsində 2013-cü ilin üç ayında ümumi məhsul buraxılışı 3,1 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri neft sektorunda iqtisadi artım 11,4 faiz olmuşdur. Bu da ölkəmizin iqtisadiyyatının dinamik inkişaf etdiyini, iqtisadiyyatın enerji amilindən asılılığının azaldığını göstərir.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artmış, istənilən layihələrin öz gücümüzə arxalanaraq icra olunmasına, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə geniş imkan yaranmışdır.
Bu ilin üç ayında 30 min yeni iş yeri açılmışdır ki, onlardan 24 mindən çoxu daimi iş yeridir. Açılan əsas iş yerləri qeyri neft sektorunda, sənaye və kənd təsərrüfatı sahələrində olmuşdur. Birinci rübdə inflyasiya cəmi 1,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 6 faiz artmışdır.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Hörmətli yığıncaq iştirakçıları!
Möhtərəm Cənab Prezident 2013-cü ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi inkişafın uğurlu olduğunu və gələcək aylarda da bu müsbət dinamikanın saxlanılacağını və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyini qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur.
Dövlət Proqramına əsasən rayonumuzda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.
Rayonda ilin əvvəlindən 298 yeni iş yeri açılmışdır ki, bundan 223-ü daimi iş yerləridir. Onlardan 5,8 faizi yeni yaradılmış, 31,8 faizi mövcud müəssisə və təşkilatda, 62,4 faizi isə fərdi sahibkarların fəaliyyəti nəticəsində yaradılmışdır.
2013-cü ilin üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 24,1 faiz artaraq 67 milyon 744 min manata çatmışdır. Ümumi məhsul buraxılışının 72,1 faizi məhsul istehsalı, 29,9 fazi isə xidmət sahələrində olmuşdur.
Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.
Bu ilin məhsulu üçün ötən ilin payızında 15 min hektardan çox sahədə buğda, 25 min hektaradək sahədə isə arpa olmaqla cəmi 40 min hektardan çox sahədə taxıl əkilmişdir. Zəmilər 1,3 dəfə suvarılmış, 18 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmişdir.
Yazlıq əkinlərə başlanılmış, 1942 hektarda yonca, 1300 hektarda kartof, 2500 hektarda tərəvəz, 3800 hektarda bostan, 400 hektarda qarğıdalı, 150 hektardan çox sahədə isə günəbaxan bitkiləri əkilmişdir. Hazırda yazlıq əkinləri mütəşəkkil davam etdirilir.
Ötən il müasir texnologiya ilə qurulmuş parnik təsərrüfatında keçirilən seminar müşavirə və orada parnik təsərrüfatlarının iqtisadi səmərəsi barədə verilmiş bilgilər bu sahəyə sahibkarların marağını xeyli artırmış, nəticədə örtülü qruntların sahəsi artırılaraq 6,5 hektara çatdırılmışdır.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Hazırda iri buynuzlu mal qaranın sayı 63,3 min başı, qoyun keçilərin sayı 132,4 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının artımına nail olunmuş, bu ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ət,süd yumurta, yun istehsalı 2-2,3% artmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsində və yüksək məhsuldarlıq əldə edilməsində meliorasiya işləri və suvarma sistemləri mühüm rol oynayır.
Bu sahədə nəzərdə tutulan suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənmiş, hidrotexniki qurğular, nasos stansiyaları təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
Lakin suvarmanın təşkilində növbəliliyin düzgün nizamlanmaması, enerji təminatında fasilələrə yol verilməsi əkinlərin optimal müddətdə suvarılmasının başa çatdırılmasina imkan vermir, məhsul itkisinə səbəb olur.
Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə taxıl əkinlərinə maksimum aqrotexniki qulluq göstərilməli, sahələr qarğıdalı əkinləri hesabına bu sahədə istehsalı artırmalı, ət, süd, yumurta və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi ilə müvafiq tədbirlər görülməlidir.
Əkilmiş taxıl sahələrinin vaxtında biçilməsi ilə əlaqədar rayonda 80 ədəd kombayn təmir edilib saz vəziyyətə gətirilmiş, əlavə olaraq aqrolizinq yolu ilə qonşu rayonlardan 120 ədəd kombayn gətirilməsi ilə əlaqədar müqavilələr bağlanmışdır.
Odur ki, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları!
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır.
Bununla belə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, nasaz sayğacların vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam etməkdədir. Bu səbəblərdən də küləkli və yağmurlu havalarda elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, bu da əhalinin haqlı narazlığına səbəb olur. Bəzi hallarda sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır.
İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda son 3 ayda əhali sektoru üzrə cəmi 48,9%, ümumilikdə isə 64,4% yiğım təmin edilmişdir ki, bu da qətiyyən yol verilməzdir.
I rüb ərzində rayonun kəndlərinə paylanmış bildiriş üzrə 604170 min manata qarşı 550554 min manat vəsait toplanmışdır ki, bunun nəticəsində 57791 manat debitor borcu yaranmışdır. Belə ki, Axtaçı kənd inzibati ərazi dairəsi üzrə elektrik enerjisinin dəyəri 62,3%, Ərəbqubalı kənd inzibati ərazi dairəsi üzrə elektrik enerjisinin dəyəri 79,9 %, Böyük Kəngərli kənd inzibati ərazi dairəsi üzrə elektrik enerjisinin dəyəri 82,8%, Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə elektrik enerjisinin dəyəri 82,3% vəsait toplanmışdır.
Acınacaqlı hal kimi qeyd etmək lazımdır ki, Elektrik şəbəkəsi tərəfindən verilmiş hesabatda ümumi rayon əhalisi üzrə elektrik enerjisinin dəyəri 1125332,58 manat olduğu halda əhaliyə 604170 manatlıq bildiriş paylanmış və ya 521162,58 manatlıq elektrik enerjisinin dəyəri məbləğində itkiyə yol verilmiş, həmin vəsait istehlakçılara debitor borc kimi qeyd olunur.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunması, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi istiqamətində qısa müddətdə konkret tədbirlər hazırlayıb həyata keçirməlidir.
Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılmışdır.
Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş, şəhərin 63 və 69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılmışdır. Rayonun Şilyan və Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanmış, hazırda həmin kəndlər istiqamətində 8 km daşıyıcı xətt çəkilmişdir. Lakin son vaxtlar bu işlərin gedişində ləngimələr vardır.
Rayon Qaz İstismarı sahəsinin rəhbərliyi nəzərdə tutulmuş yaşayış məntəqələrinin qazlaşdırılması işini sürətləndirməli, korroziyaya uğramış kəmərlərin vaxtında dəyişdirilməsini təmin etməli, sayğaclara müdaxilə edən abonentlərə qarşı ciddi mübarizə aparılmasını təşkil etməlidir.
Birinci rüb ərzində əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyəri cəmi 68,4%, ümumilikdə rayon üzrə istifadə edilmiş təbii qazın dəyəri isə cəmi 71,3% faiz ödənilmişdir ki, bu da bu vacib sahədə işlərin lazımi səviyyədə təşkil edilmədiyini göstərir.
Qeyd etmək lazımdır ki, rüb ərzində 774839 manata qarşı 529989 manat, və ya 68,4 % təbii qazın dəyəri ödənilmişdir. 3 ay ərzində 244850 manat debitor borcu yaranmışdır. Belə ki, Ucarlı kəndində 55%, Xırdapay kəndində 65%, Şıxımlı kəndində 61,8 %, Mürtülü kəndində 65,6 %, Böyük Kəngərli kəndində 50%, Şahbəyli kəndində 46 %, Bala Kəngərli kəndində 35%, Sığırlı kəndində 59,2, şəhər üzrə 69,4 % təbii qazın dəyəri ödənilmişdir ki, bu da yol verilməzdir.
Odur ki, rayon Qaz İstismarı sahəsinin yeni təyin olunmuş rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısı alınmalıdır.
Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirlir.
Qeyd etmək lazımdır ki, hal-hazırda şəhər əhalisinin 8 min nəfəri (2640 abonent) və ya 41 % şəhər əhalisi içməli su ilə təmin olunur. Rüb ərzində rayon istehlakçılarına 21,0 min manatlıq içməli su satılmış, 17,8 min manatlıq vəsait toplanmış, bu da ümumilikdə yığılan vəsaitin 84,0 faizini təşkil etmişdir.
Belə ki, Ağsu rayonunun Külüllü bulağından rayonumuza qədər 30 km uzunluğunda yeni içməli su xəttinin çəkilişi, Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılmışdır. Ümumi uzunluğu 78,6 km olan şəhər daxili içməli su xəttinin 53,7 km-də, 99,4 km-lik kanalizasiya şəbəkəsinin isə 21,7 km-də işlər basa çatdırılmış, 622 baxış quyuları, tunel çəkilişi üçün isə 6 ədəd yeraltı baxış quyuları tikilmiş və hazırda bu sahədə işlər sürətlə davam etdirilir.
Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməli, yeni şəbəkənin çəkilişi başa çatdırılanadək köhnə xətlərin işlək vəziyyətdə olması üçün lazımi tədbirlər hazırlanıb həyata keçirməlidir.
Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.
Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə Respublika hökuməti tərəfindən əvəzsiz olaraq rayonumuza verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalı, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin aparılmasında maksimum istifadə edilməlidir.
Bütün bunlarla yanaşı rayonda əhaliyə göstərilən kommunal xidmətlərin təşkilində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm olaraq təmizlənmir ki, bu da yağıntılar zamanı su ötürücülərinin tutulmasına səbəb olur. Şəhər ərazisində məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur, bununla yanaşı əhaliyə göstərilən xidmətə görə sakinlərdən xidmət haqqı çox zəif yığılır.
Belə ki, şəhər əhalisinin 293 nəfəri ilə müqavilə bağlanılaraq 667,60 manat, 69 kommersiya obyektindən isə 297 manat vəsait toplanmışdır.
Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər icra nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.
Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır.
Ötən ilin birinci rübündən sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq işləri bu ilin birinci rübündə də sürətlə davam etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin yeni binasının tikintisi başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış,11,7 km hissəsi çəkilmiş, 2013-cü ildə işlərin davam etdirilməsi üçün əlavə 4 milyon manat vəsait ayrılmış və birinci rübdə yolun 4 km hissəsi çəkilmişdir. Hazırda yol tikinti işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri bu yolun yüksək keyfiyyətlə çəkilməsini diqqət mərkəzində saxlamalı və işlərin vaxtında başa çatdırılmasına nəzarəti gücləndirməlidirlər.
Şəhərin Heydər Əliyev prospektində, S.X.İslamzadə, Aşıq Əhməd, G.Orucova küçələrində abadlıq işləri davam etdirilmiş, 1032 p/m bardür düzülmüş, 2090 m2 ağlay vurulmuş, 820 m2 piyada yolları beton tavalarla üzlənmiş, 540 metr uzunluqda yeni işıqlanma xətti çəkilmiş, 26 ədəd müasir işıq dirəkləri quraşdırılmış və bu işlər hazırda davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli Heydər Əliyev mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılmış, hazırda ağlay materialı ilə üzlənmə və son tamamlama işləri aparılır.
Ərazisi 8.5 hektar olan “Heydər” parkında yeni layihəyə əsasən rekonstruksiya və tikinti işləri davam etdirilmiş, 42 metr uzunluqda parkın giriş hissəsi tağvari milli memarlıq üslubunda yenidən işlənilir. Parkda 1456 p/m bardur düzülmüş, 696 m2 səkilərə mozaik beton tavalar döşənmiş, 140 m uzunluqda hasar çəkilmiş, ölçüləri 8x16 metr olan şəlalə qurulmuş, əraziyə çoxlu sayda dekorativ ağac əkilmiş, 1,5 ha əraziyə qazon səpilmiş, 2000 metr süni suvarma xətti çəkilmişdir.
“Gənclər Evi” rekonstuksiya olunaraq 140 m2 genişləndirilmiş, müasir atıcılıq tiri və əlavə sinif otağı tikilmişdir. Binada və ətrafında 600 m2 ağlay vurulmuş, 560 p/m bardur düzülmüş, 880 m2 mozaik beton tavalar döşənmişdir.
Aparılmış abadlıq-tikinti işlərinə daxili imkanlar hesabına 594 min manat məbləğində vəsait xərclənmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətdədir.
Kürdəmir-Mollakənd avtomagistralı, Kohünlü, Ərəbqubalı, Pirili, Şilyan, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 6 məktəbində yeni məktəb binasının tikintisi davam etdirilir. Hazırda rayonda 640 şagird yerlik Sığırlı kənd, 360 şagird yerlik Z.Əhmədov adına Şilyan kənd, 280 şagird yerlik Cəyli kənd, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəblərinin yeni binalarının tikintisi davam etdirilir, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin və 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binalarının tikintisində son tamamlama işləri aparılır.
Rayonun Mürtülü və Xınısli kəndlərində yeni məktəb binalarının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır.
Bu sahədəki nailiyyətlərlə yanaşı nöqsanlar da mövcuddur.
Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazırlıq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmur və ya çox zəif nəticələr göstərirlər. Rayon Mərkəzi Xəstəxanasının əsas binasında regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılmış, müasir tibbi avadanlıqlarla təhciz olunaraq istifadəyə verilmişdir.
Lakin, əksər kənd həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərir və texniki təhcizatı günün tələbləri səviyyəsində deyildir. Səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə göstərilən tibbi xidmət aşağı səviyyədədir. Ayrılan tibbi dərman preparatları təlabatı ödəmir. Bunlar da nəticədə rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.
Rayon üzrə əsasən pediatr, akuşer-ginikoloq, travmatoloq, anestezioloq-reanimatoloq, terapevt həkim kadrlarına kəskin ehtiyac vardır.
Odur ki, Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi buraxılmış nöqsanlara ciddi diqqət yetirməli və müvafiq orqanlar qarşısında məsələ qaldırmalıdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsə də, fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Küçələrin səkilərində və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə və ticarət obyektlərində Mərkəz tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyeklər barəsində ciddi qərarlar qəbul edilmir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə müntəzəm olaraq seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan nəticə çıxarmalıdırlar.
Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir .
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.
İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.
İdarə və müəssisələrdə fəaliyyət göstərən Heydər Əliyev otaqları və guşələri cənab İlham Əliyevin fəaliyyəti ilə əlaqədar mətbuat materialları ilə zənginləşdirilməli və burada vaxtaşırı tədbirlər təşkil olunmalıdır.
Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla daim əlaqə saxlanılır, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərə dəvət olunurlar.
Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri Böyük Vətən Müharibəsi, Qarabağ Müharibəsi əlillərinin, Şəhid ailələrinin cəmiyyətdəki xüsusi yerini nəzərə alaraq, öz fəaliyyətində onların üzv olduqları ictimai birliklərlə daha sıx əlaqə saxlamalı, onların qüvvəsindən maksimum istifadə etməlidir.
Rayon əhalisi, xüsusilə gənclər arasında hərbi vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət hissinin tərbiyə olunması, Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğ edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2013-ci ilin birinci rübündə 37 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə azdır.
Baş vermiş cinayət hadisələrinin 65 faizinin açılması təmin edilmiş, 35 faizi isə açılmamış qalmışdır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilərək, 2 cinayət hadisəsi aşkarlanmışdır ki, bu da ötən eyni dövrü ilə müqayisədə 1 cinayət hadisəsi azdır.
Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.
2013-cü ilin birinci rübündə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 371 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 271 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 100 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ilin 3 ayında vətəndaşlardan 647 ədəd müraciəti daxil olmuşdur.Daxil olmuş müraciətlərin 277 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 18 ədədi Milli Məclisdən, 8 ədədi Nazirlər Kabinetindən, 61 ədədi digər yuxarı Respublika təşkilatlarından, 283 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı xeyli azalmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Qarşımızda mühüm vəzifələr durur. 2009-2013-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu il Prezident seçkiləri ilidir. Odur ki, bizim hər birimiz öz fəaliyyətimizlə, davranışlarımızla nümunə göstərməli, seçki məcəlləsinin tələblərindən irəli gələn vəzifələrin qanun çərçivəsində həyata keçirilməsini təmin etməliyik.
Başladığımız geniş miqyaslı quruculuq işlərində hər bir kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməliyik. Bu yolda hər birinizə uğurlar diləyirəm.
İcazə verin Möhtərəm Prezidentimizi əmin edim ki, Kürdəmir rayon İcra Hakimiyyəti bütün kürdəmirliləri öz ətrafında daha sıx birləşdirəcək, qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışacaqdır.