Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 02 may 2019-cu il tarixdə “Heydər Əliyev və milli–mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir. Öncə dəyirmi masa iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Kürdəmir rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açaraq məruzə ilə çıxış etmişdir. Sevda Hacıyeva məruzəsində qeyd etmişdir ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır. Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var. Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları olan bir xalqdır. Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır. Sonra Sevda Hacıyeva məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışdı. Sevda Hacıyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir.
Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Bu şəraitə, bu inkişafa görə Ulu Öndər siyasətinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
YAP rayon təşkilatının idarə heyəti üzvü , Kürdəmir şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva , Mərkəzi Kitabxanalar Sisteminin baş kitabxanaçısı Məhinə Şirəliyeva, Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Elnarə Bayramova mövzu ətrafında çıxış etmişlər. Çıxışçılar Ulu Öndər Heydər Əliyev haqqında, onun həyatı və siyasi fəaliyyəti, haqqında danışmış, Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.Onlar vurğulayıblar ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi¬¬ – müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.