Topalhəsənli kəndində səyyar-qəbul görüş keçirilib
Mayın 2-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.
Görüş-qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı.Qeyd etdi ki, gündən-günə dəyişən, gözəlləşən Kürdəmirdə “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Kənd sakinləri torpaq məsələləri, yol, təbii qaz və enerji təchizatı, kəndin zinə suyunu axıdan kanalın lildən təmizlənməsi, sosial müdafiə, səhiyyə, təhsil, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.