Kürdəmirdə ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib
Aprelin 25-də rayonun Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilatlarının rəhbərləri , ağsaqqallar və ziyalılar , rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra onlar Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.
Tədbirdə giriş sözü ilə çıxış edən Xidmətin rayon bölməsinin rəisi, polkovnik Həbib Əliyev bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanır və nümunəvi xidmətləri ilə fərqlənirlər. Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.
Digər çıxış edənlər hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıb, gəncləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə tam əmindirlər.
Tədbirin sonunda çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusunun döyüş ruhu çox yüksəkdir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər an düşməndən işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.