Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

05 aprel 2019 | 16:00

Aprelin 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmirdə “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Fondun Mənəvi dəyərlərin təbliği şöbəsinin müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir rayonu Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı E.Qafarov tədbirin məqsədi haqqında məlumat verərək bildirib ki, gənclərin maarifləndirilməsi, əxlaqi-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir.
Konfransda çıxış edən Fondun icraçı direktorunun müavini C.Əliyev sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğunu vurğulayıb. C.Əliyev qeyd edib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.
Fondun Mənəvi dəyərlərin təbliği şöbəsinin müdiri Hatəm Gülməmmədov bildirib ki, cəmiyyətin islahı ailədən başlayır. Ailə cəmiyyətin rüşeymidir. Sevgi, qarşılıqlı hörmət, diqqət və qayğı ilə zəngin olan ailə sağlam ailədir.
Kürdəmir rayonu Xırdapay kənd tam orta məktəbinin direktoru İ.Rəsulov ailədə övlad tərbiyəsi mövzusuna toxunaraq qeyd edib ki, valideynlər hər zaman övladlarına qarşı diqqətli olmalı, zamanının bir hissəsini onların tərbiyəsinə həsr etməlidirlər.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş olunub.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər