Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07 mart 2019 | 16:00

Martın 7-də   rayonun   “Nicat Plaza”  sarayında  8 Mart - Beynəlxalq Qadınlar  Günü  münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə  Kürdəmir  rayon  İcra  Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov, rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri, Şəhid  anaları, rayon  ərazisində   yerləşən  “N”  saylı  hərbi  hissədə  çalışan  qadınlar,  eləcə də  rayonda  yaşayan ağbirçək analar iştirak ediblər.
Bayram  mərasimində  çıxış  edən  rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov  bu  əlamətdar  gün  münasibəti  ilə  tədbirə  toplaşan  qadınları  və  onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdi, onlara xoşbəxtlik və sadət arzuladı.  O öz çıxışında qeyd edib ki,  Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix  boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz.
Tədbirdə  rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  bir qrup qadına Fəxri Fərmanlar təqdim edildi.
Mərasimdə Kürdəmir qadınları adından  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu oxundu.
Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səsləndi. Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqlədirdi.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara , analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər