Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 20425 nəfər tibbi müayinədən keçib

06 mart 2019 | 16:00

Kürdəmir, 6 mart, AZƏRTAC

Kürdəmir rayonunda əhalinin kütləvi tibbi müayinə aksiyası davam edir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə artıq ənənəyə çevrilən bu humanist aksiyadan rayonun 62 yaşayış məntəqəsində 83 min 300 nəfərdən çox sakin faydalanacaq.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək bu humanist aksiyadan 20425 nəfər faydalanıb. İxtisaslı həkimlər tərəfindən hərtərəfli tibbi müayinədən keçənlərin 677 nəfəri ambulator, 82 nəfəri stasionar müalicəyə cəlb edilib, 2 nəfərin üzərində cərrahi əməliyyat aparılıb. Xüsusi müayinəyə ehtiyacı olan 40 nəfər paytaxtın ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.

Sakinlər bütün bölgəni əhatə edən humanist aksiyaya görə onun təşəbbüsçüsü olan ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Rayonun Carlı kəndindən müayinəyə gələn 56 yaşlı sakini Məlahət Xanalıyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Sağlamlıq insan həyatı üçün ən qiymətli nemətdir. Bizim məhz sağlamlığımız üçün edilən bu hərtərəfli müayinəyə görə aksiyanın təşəbbüsçüsü olan Prezidetimizə çox-çox minnətdarıq. Hörmətli Prezidentimiz biz insanlara çox böyük diqqət və qayğı göstərir. Son aylar minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin və sair müavinətlərin artırılması ilə əlaqədar fərman və sərəncamları məhz biz vətəndaşlara diqqətinin və qayğısının bariz nümunəsidir”.

Qeyd edək ki, tibbi müayinələr mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, 6 həkim ambulatoriyasında aparılır. İxtisaslı həkimlərdən ibarət səyyar briqada tərtib edilən qrafikə uyğun hər gün yerlərdə olur, səhiyyə müəssisələrinə gələ bilməyən əlil və ahılları evlərində müayinə edir.

Keçidlər