Kürdəmirin səhiyyə işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar
Yanvarın 17-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində rayonun səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Eynulla Novruzov və səhiyyə işçiləri iştirak edibilər.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Eynulla Novruzov 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verib. Ümummilli Liderin bu siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Azərbaycan xalqının azadlıq arzularınının boğulması üçün həyata keçirilən terror aktı kimi qiymətləndirdilər.