Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
Ümummilli Lider Heydər Əliyevin Anım Günü Kürdəmir rayonunda da qeyd edilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, veteranlar, gənclər, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri səhər saatlarından Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Sonra rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan “Dahi Şəxsiyyət” adlı dəyirmi masa təşkil edilib.
Tədbir “Dahi şəxsiyyət-Heydər Əliyev” filminin nümayiş etdirilməsi ilə başlayıb.
Dəyirmi masada “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, “Heydər Əliyev və Azərbaycan” mövzusunda şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxaliyeva, “Xalqına bağlanan ömür” mövzusunda Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Sadıqova çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 15 il ötür. Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti-Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirdirərək milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi çıxış edərək öz güclü qolları, düşünülmüş siyasi addımları ilə qoruduğu, inkişaf etdirdiyi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdiyi müstəqil Azərbaycanı bu gün Ümummilli Liderimizin layiqli siyasi varisi , ölkə rəhbəri cənab İlham Əliyev daha da inkişaf etdirərək möhkəmləndirməkdədir.