Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

10 dekabr 2018 | 16:00

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı iki günlük seminar-treninq öz işinə başlayıb.
Tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, dini etiqad azadlığına və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Onun sözlərinə görə, ölkəmizdə dini ibadətgahların tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin Azərbaycan dindarlarına diqqət və qayğısının bariz nümunəsidir
Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, tolerantlıq xalqımızın qədimdən gələn ənənəsidir. Natiq vurğulayıb ki, respublikamızda müxtəlif millətlərin nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar və Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər. “Respublikamızda müxtəlif xalqlar qarşılıqlı hörmət, əmin-amanlıq şəraitində yaşayır, bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə daim sayğı ilə yanaşırlar”,-deyə G.İsmayılov əlavə edib.
Natiq, eyni zamanda ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün prioritet məsələ olacağını vurğulayıb. Sədr müavini cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Müzakirələrlə davam edən seminar-treninq dekabrın 11-də öz işini davam etdirəcək.

Keçidlər