Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Biz gənclər erkən nikahlara yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib

30 noyabr 2018 | 16:00

Noyabrın 30-da  rayonun  Gənclər evində  rayon Gənclər və İdman İdarəsinin   təşkilatçılığı  ilə ” Biz gənclər  erkən  nikahlara  yox  deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yiğincağı  giriş  sözü  ilə  açan  rayon  Gənclər  və  İdman  İdarəsinin  rəis  müavini Qalib Baxşiyev gündəlikdə duran məsələnin vacib bir mövzu olduğunu yığıncaq iştirakçılarının diqqətinə catdıraraq bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. 15-16 yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz  adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Tədbirdə çıxış edən şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şixəliyeva bildirdi ki, erkən yaşda nikaha daxilolma sosial problem kimi aktual mövzulardan biridir. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Bəzən, mütəxəssislər  də hesab edir ki, ailədəki sosial durumun zəif olması da erkən nikaha səbəb olur. Ailənin  sosial  durumu  aşağı  olduğundan  valideyn  övladına lazım  olan  məktəbli forması, eləcə də məktəb ləvazimatları ala bilmədiyindən çıxış   yolu  övladını  məktəbdən  çıxarmaq  olur. Lakin, araşdırmalar  göstərir ki, maddi  çətinlik  məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər.
Tədbirdə  çıxış  edən  Kürdəmir  rayon poliklinikasının həkimi Səbinə Mustafayeva  bildirdi ki, ucqar  rayon  və  kəndlərdə insanlar ənənəvi streotiplərdən  xilas  ola  bilmirlər, elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, keçmişdə olduğu kimi mütləq ərə verilməlidir. Bəzi valideynlər erkən yaşda  övladlarını  ailə sahibi edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. Onlar övladlarının  təhsillərini  davam  etdirmələrini  deyil, erkən yaşlarda nigaha cəlb edib, ailə qurmalarına üstünlük verirlər. Bu cür erkən nikahlar isə sonradan bir sıra böyük fəsadlara yol açır. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara normal yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Bu istiqamətdə aparılan araşdırmalara görə Azərbaycanın cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdu. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı  qızın təfəkkürü inkişaf etmədiyindən, hansı  seçimin  düzgün  olması  barədə  qərar  verə  bilmir. Buna  görə  də, bu yaşda qızların  ərə verilməsi düzgün hesab edilmir. Tibbə məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub.
Tədbirdə  çıxış  edən  Kürdəmir  Rayon  İcra  Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirib ki , erkən nigahlar iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz istəyi ilə. Erkən qurulan  ailə  həyatının bir qismi uğurlu, bir qismi isə uğursuz olur. Birmənalı  şəkildə  demək  olmaz ki, erkən nigahlar uğursuz olur. Lakin  son  vaxtlar  xüsusilə  bəzi zonalarda sırf valideynlərin təkidilə  qızların  erkən  yaşda  ailə həyatı qurması hallarına rast gəlinir və öz mənfi fəsadlarını daha çox biruzə verir. Çünki hələ ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq yaşından çıxmamış qızlar valideynlərinin məcburiyyəti ilə ailə qurmağa sövq olunurlar. Bu da həmin ailədə problemlərin olmasından irəli gəlir və qızlarının da sonrakı həyatında problemlərin yaranmasına səbəb olur. Gələcəkdə dünyaya gələcək uşağın tərbiyəsində də özünü biruzə verir. Çünki azyaşlı ana onun qulluğunda lazımi şəkildə dura, tərbiyəsi ilə məşğul ola bilmir. Digər bir məqam sosioloji məqamdır, gənc ananın təhsili ilə bağlı olan problemlərdir. Çünki onlar nigaha sövq olunduqdan sonra təhsilləri yarımçıq qalır. Ya orta məktəbi bitirə bilmirlər, ya orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu  da  müəyyən  dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Hər hansı bir qız orta və ya ali məktəbi bitirib işləməsə belə, gələcəyin anası kimi təhsilli olması daha çox arzulanan bir haldır.
Tədbirin sonunda tədbir iştirakçılarına Kürdəmir rayon Gənclər və İdman İdarəsininn hazırladığı “Biz gənclər erkən nikahlara yox deyirik” maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər