Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

31 mart 2013 | 16:00

Kürdəmir rayonunda 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə keçirilən ümumrayon tədbirində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, Türkiyə Cümhuriyyətindən gəlmiş qonaq – Türkiyədə fəaliyyət  göstərən “Uluslararası Azərbaycan kültür, dil, tarix araşdırma mərkəzi”nin rəhbəri Seyfəddin Ayakyay, şair – dramaturq İftixar Piriyev, rayon ictimaiyyətinin nümayəndələri , idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, rayonun ağsaqqalları, ziyalıları və gəncləri iştirak etmişlər.
 Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Ictimai – Siyasi və Humanitar Məsələlər üzrə müavini Əbülfət Mikayılov tədbiri açıq elan etdi. Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə “Əməkdar  mədəniyyət işçisi”, şair – dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” adlı yeni kitabının təqdimatı keçirildi.
31 mart Azərbaycanlıların Soyqırımı gününün tarixi mahiyyəti, xalqımızın məruz qaldığı soyqırım hadisələrinin tariximizdə yaratdığı ciddi çətinliklərlə bağlı çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Ictimai – Siyasi və Humanitar Məsələlər üzrə müavini Əbülfət Mikayılov, tarix müəllimi Ağaməhəmməd Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru  Dürriyə Seyidova, Sor – sor kəndtam orta məktəbinin direktoru Səfərov Zeynalov, Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov, Kürdəmir rayon Təhsil şöbəsinin əməkdaşı Natiq Tarverdiyev və digərləri ermənilərin tarixən Azərbaycanlılara və Türklərə qarşı soyqırım, deportasiya siyasəti yürütüklərini, “Soyqırımı tarixinin dastanı” kitabının bu mövzuda dəyərli bir mənbə olduğunu vurğuladılar.
Tədbirdə  iştirak etmək üçün Türkiyə Cümhuriyyətindən dəvət olunmuş Seyfəddin Ayakyay çıxış edərək tarixi soyqırımı hadisələrinin bütün türk dünyasının ağrı – acısı, kədəriolduğunu vurğulamış, bu istiqamətdə Türkiyə - Azərbaycan birgə mübarizəsinintarixi əhəmiyyətindən söhbət açmışdır.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekun sözü söylədi, kitabın müəllifinə və qonaqlara aparılan kültür mübarizəsində göstərdikləri fəaliyyətə görə  təşəkkür etdi.Rayon rəhbəri çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında 26 mart 1998-ci il tarixdən Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini və deportasiya hadisələrini qeyd etmək artıq bir ənənə halını almışdır.
Keçirilən yığıncaqlarda uzun illər gizli saxlanılan, üzərində qadağa qoyulan həqiqətlər açılaraq, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
1913-cu  və 1928-ci illərdə imzalanan Gürcüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarının bölünməsi və yüz minlərlə insanların dədə-baba torpaqlarından işqəncələrlə çıxarılmasının əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqlarının zəbti başladı.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi sürətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım və deportasiya siyasəti Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların qovulması və məhv edilməsinin əsası qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başladı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədi ilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı.
Məhz Azərbaycan tarixinin saxtalaşdırılması və təhrif olunması həmin proqramların tərkib hissəsini təşkil edirdi.
İrəvan xanlığı işğal olunanda əslində müstəqil dövlət idi. Onun İrandan asılılığı formal xarakter daşıyırdı.Ərazisi isə indiki Ermənistanın ərazisindən daha böyük ərazini təşkil edirdi. Əhalisinin 92 %-ni isə azərbaycanlılar təşkil edirdi.
Lakin Ermənistan dövləti yarandıqdan sonra ərazidə etnik təmizlənmə aparıldı. 1826-1828-ci illərdə yerli əhali İran, Türkiyə və Azərbaycan ərazilərinə qovuldular. Ərazidə isə İran və Suriyadan yüz minlərlə erməni işğal zonasına gətirildi.
Azərbaycanlıların ikinci böyük deportasiyası 1905-1907-ci illərdə baş verdi. Həmin illərdə ağır bir dövr yaşayan çar Rusiyasının himayəsi ilə azərbaycanlıların əmlakı talan edilməklə özləri Türkiyə və Azərbaycan ərazilərinə qovuldular.
1915-1920-ci illərin deportasiyası qırğınlarla müşayət edildi. Bu hər şeydən əvvəl, ermənilərin Zaqafqaziyanın sovetləşməsindən istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirdilər. Onlar həmin illərdə Zənqəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-nin ərazisi elan etdilər.
1947-1953-cu illərdə isə Ermənistanda yüzlərlə Azərbaycan kəndləri tamamilə boşaldıldı. Yer adları tamamilə dəyişdirildi. Qara vaqonlara doldurulub Azərbaycana göndərilən soydaşlarımız rayonlara bölüşdürülərək evlərə paylanıldı.
Onlardan 75 ailə də Kürdəmirə gətirilərək Atakişili və Garıs-Əyribənddə yerləşdirildi.
Böyük Ermənistan xülyası ilə yaşayan, müxtəlif dövrlərdə Azərbaycan torpaqlarının işğalından ruhlanan erməni millətçiləri 1988-ci ildən sonrakı illər bu siyasəti daha böyük amansızlıqla həyata keçirdilər. Yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edildi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşadı.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində xeyli maddi-ziyan dəydi. Əlbətdə bu gün bunları konkret olaraq söyləmək çətin və ağır olsa da, Azərbaycanın təcavüzə məruz qalmış torpaqlarının sülh yolu ilə geri qaytarılması, dəymiş ziyanın yarısı olardı. Lakin iki yüz ilə yaxın bir müddət ərzində xalqımızın başına gətirilən dəhşətli hadisələr, soyqırımlar, işğallar və deportasiyalarda təkcə ermənilər deyil, Rus və İran dövlətləri də maraqlı idilər.
Bəşər tarixinə nəzər salsaq, indiyə qədər heç bir xalqın tarixində Qanlı Bakı faciələri, Tiflis faciələri, Zənqəzur hadisələri, qəflətən baş verən ikinci Bakı faciələri, ağrılı Gəncə hadisələri, ağrılı Şuşa hadisələri, İrəvan hadisələri, ikinci Şuşa faciəsi, Xocalı soyqırımı qədər dəhşətlər olsun.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının 50 %-dən çoxunun zəbti əhalisinin Türkiyə, İran, Rusiya, Qazağıstan, Özbəkistan, Türkmənistana deportasiya edilməsi ilə müşayət olunmuş, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirilən soyqırım və deportasiya siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu siyasət öz havadarlarının dəstəyi ilə bu gün də davam etdirilir.
Azərbaycan dövləti və onun Möhtərəm Prezidenti Cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü tədbirlər nəticəsində bütün erməni hiylələrinin üstü açılır. Erməni təbliğat maşınının təşkil etdiyi kompaniyaları puça çıxarılır. Artıq bütün dünya kimin-kim olduğunu yaxşı anlayır. Bütün beynəlxalq təşkilatlar, dünya birliyi ölkələri, ATƏT ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarından işğalçı ordularının çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını tələb edir.
İndi bölgədə güvvələr nisbətinin kimin tərəfində olduğu aydın görünür. Çünki Azərbaycan müstəqillik qazandığı dövrdən, bir neçə ili istisna etməklə, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildi, dünya birliyi onu maraqlı, siyasi tərəfdaş kimi qəbul etdi. Ulu öndərin yolunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev ordumuzu gücləndirdi, onun hərbi sənaye maşınını yaratdı. İndi Azərbaycanda vətənpərvər, hərbi texnikanı mənimsəmiş, döyüş qabiliyyətini təkmilləşdirmiş ordu yetişdirmişdir ki, bu ordu istənilən anda düşməni geri oturmağa və məhv etməyə qadirdir.
Möhtərəm Prezidentimiz məhz buna əsaslanaraq beynəlxalq hüququn, norma və prinsiplərinə uyğun olaraq Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirir. Əks təqdirdə Azərbaycan torpaqlarının hərb yolu ilə azad ediləcəyi ixtiyarını özündə saxlayır.

Keçidlər