Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

14 noyabr 2018 | 16:00

Kürdəmir, 14 noyabr, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən və artıq gözəl ənənə halını alan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 14-də Kürdəmirdən 40 nəfər yuxarı sinif şagirdi Qəbələyə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ayrı-ayrı guşələrlə tanış olublar.
Rayon rəhbərliyinin, valideynlərin, müəllimlərin iştirak etdikləri mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli maarifləndirici tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb. V.Əsgərli, eləcə də digər çıxış edənlər Azərbaycanın tarixinə qısa nəzər salaraq, İrəvan xanlığı və digər ərazilərimiz hesabına Ermənistan dövlətinin yaradılmasından, ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdlarından didərgin salınmasından, Xocalı soyqırımından, işğal edilən ərazilərimizdə tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsindən danışaraq, bütün bunlar barədə şagirdlərin ətraflı məlumatlara yiyələnmələrinin vacibliyini bildiriblər.
Çıxış edənlər məktəblilərə Qəbələ-Şəki-Zaqatala zonasının tarixi və mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı, bugünkü dinamik inkişafı barədə zəngin məlumatlar almağı tövsiyə ediblər.
Övladı tur-aksiyada iştirak edən Vüsalə Xasməmmədova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Uşaqlarımız bu səfərdən çox şey qazanacaqlar. Həm gözəl istirahət edəcək, həm Azərbaycanımızın bölgələri ilə yaxından tanış olacaq, tariximizin bizə gəlib çatan yadigarları barədə məlumatlandırılacaq, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bugünkü sürətli sosial-iqtisadi inkişafını gözləri ilə görəcəklər. Əminəm ki, onlar zəngin təəssüratlarla qayıdacaqlar”.
Sonra məktəblilər avtobusla ekskursiyaya yola düşüblər.

Keçidlər