Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirildi

20 mart 2013 | 16:00

 

Kürdəmir rayonunun Heydər Əliyev prospektindəki mərkəzi meydanda Novruz bayramı münasibəti ilə təşkil olunmuş el şənliyində rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayon sakinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyəti nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Şəhərin mərkəzi meydanı əsl bayram libasında və novruz atributları ilə bəzədilmişdi. Bahar qızı və onu müşayət edən milli geyimli oğlanların meydana daxil olması yeni ilin gəlişinin başlanğıcını qoyur. Bununla da yazın qədəmlərinin daxil olduğu bildirilir. Çaparların, habelə milli xalçalarla bəzədilən dəvələrin meydana gəlişi ilə novruz şənlikləri başlandı.
Tədbir iştirakçıları rayonun bütün kəndlərinin öz adət-ənənələrinə uyğun novruz adətləri və qədim əşyalarlı ilə tanış oldular. Xırdapay, Karrar, Atakişili, Topalhəsənli kənd sakinlərinin nümayiş etdikləri qədim əşyalar, habelə novruz atributları daha yadda qalan oldu.Qədim muzey əşyaları, xalça və palazlar, qədim misgərlik əşyaları hamıda maraq oyadırdı. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alğışlarla qarşılandı. Kosa və keçəlin məsəkələri onların şən zarafatları əsl bayram ovqatı yaradırdı. Pəhləvanların bir-birindən maraqlı çıxışları, gənclərin qol güclərinin nümayiş etdirməsi,milli oyunların göstərilməsi hamıda marağa səbəb oldu. Kəndirbazın və onun keçisinin çıxışları isə daha yadda qalan oldu. Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılandı.
Novruz şənliyində rayonun Şilyan kənd sakinləri Anar və Nuranənin elimizin adət ən-ənələrinə uyğun olaraq nişanlanma mərasimi keçirildi.Nişan mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev gəncləri təbrik etdi və onlara qiymətli hədiyyələr təqdim etdi.
Daha sonra Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırdı. Rayon rəhbəri bildirdi ki, ümummilli lider Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf edilməsində müstəsna rolu olmuşdur Ulu öndər milli ruhun dirçəlməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi.Məhz bu baxımdan Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanışı, öz kökümüzə qayıdışın və müraciətin yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı kimi tarixə düşdü. Bir rəhbər kimi Heydər Əliyevin fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Hər şey milli şüurun yüksəlişinə təkan verməli, milli dirçəlişin təməlinə çevrilməli idi. Ulu öndər həmişə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi sayğı ilə yanaşırdı. Elə buna görə də o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində daha kütləvi və təmtəraqla qeyd olunmağa başladı. Milli özünüdərk prosesinin sovet rəhbərliyinin müqaviməti ilə qarşılaşdığı, milli mənlik şüurunun yüksəlişinə kömək edən yeni meyillərin və təşəbbüslərin qarşısının sərt şəkildə alındığı bir şəraitdə, sovet ideologiyasının hakim olduğu bir dövrdə ölkə rəhbərinin belə bir mövqedə olması böyük cəsarət, qətiyyət, prinsipiallıq və yenilməzlik tələb edirdi.
Bu gün sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycan məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin nəticəsi olaraq dünya birliyində söz sahibi olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndərin siyasi varisliyinin uğurla həyata keçirildiyini göstərir. Bununla yanaşı, bu dövrün mənzərəsi Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərə son dərəcə bağlı olduğunu göstərir. Azərbaycanın mədəni irsinin qorunması və dünyada təbliği, tarixi abidələrin bərpası və yenidən qurulması istiqamətində görülən işlər, bu istiqamətlə müxtəlif fərman və sərəncamların verilməsi, dövlət proqramlarının həyata keçirilməsi dövlətimizin başçısının milli dəyərlərimizə son dərəcə bağlılığının göstəricisidir.Dövlət başçısının regionlara göstərdiyi xüsusi qayğıdan danışaraq rayonumuzda da tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını, sahibkarlığın fəaliyyətinə lazımi şərait yaradıldığını,əhalinin həyat səviyyəsinin yüksəldiyini söylədi və kürdəmirlilər adından ölkə rəhbəri cənab İlham Əliyevi Novruz bayramı münasibəti ilə təbrik etdi.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etdi. Novruzun əsas atributları olan şəkərbura, paxlava, habelə yaşıl səməni ilə bəzədilən meydanda yumurta döyüşdürülür, kosa və keçəl başlarına gələnəhvaatları yamsılamaqla bayram ovqatını daha artırdılar. Mədəniyyət və incəsənət ustalarının ifasında səslənən qədim el havaları, milli musiqi nümunələri rayon sakinlərində əsl bayram ovqatı yaratdı.       
 

Keçidlər