Kürdəmirin Pirili kəndində səyyar-qəbul görüş keçirilib
Oktyabrın 18-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Pirili kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Pirili kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul-görüşdə Pirili kənd inzibati ərazi dairəsinin nümayəndəsi Nəriman Nərimanov və kənd bələdiyyəsinin sədri Ziya Kərimov Pirili kəndinin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər haqqında məlumat veriblər.
Səyyar qəbulda iştirak edən kənd sakinlərindən Həsən Hüseynov, Qəhrəman Səfərov , Hörmətəli Kərimov və başqaları çıxış edərək kəndə gələn su kanallarının və kənddaxili su arxlarının lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik enerjisi və qaz təchizatı , kənd təsərrüfatı və torpaq məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, Pirili kəndində keçirilən hazırki səyyar-görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə əhali ilə təmasın daha sıx şəkildə qurulmasına dair qarşıya qoyduğu tələb və göstərişlərin daha bir bariz nümunəsidir. Ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair irəli sürülmüş Dövlət Proqramlarının uğurla həyata keçirilməsi Respublikamızın daim tərəqqi etməsinə , əhalinin rifah halının yaxşılaşmasına xidmət edən başlıca amillərdəndir. Odur ki, biz də həmin proqramda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizi sərf etməliyik.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonun 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisinə görə ölkər rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.