Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə doqquz ayın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

16 oktyabr 2018 | 16:00

Oktyabrın  16-da  rayon  icra  hakimiyyətinin  akt  zalında   “Kürdəmir rayonunun   2018-ci   ilin   doqquz  ayının   sosial-iqtisadi  inkişafının  yekunları və  qarşıda   duran   vəzifələr   barədə”    Rayon   İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.

   Yığıncaqda  Kürdəmir  Rayon  İcra  Hakimiyyəti  Başçısı  Aparatının  işçiləri,  rayonun  hüquq mühafizə  orqanlarının,  idarə,   müəssisə və  xidmət  təşkilatlarının   rəhbərləri,  icra  nümayəndələri  və  bələdiyyə  sədrləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

İclası giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr olunmuş  09  oktyabr tarixli iclasında  bu ilin 9 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Möhtərəm Prezidentimiz çıxışında bu ilin doqquz ayında ölkə  iqtisadiyyatına  9  milyard  dollar sərmayə qoyulduğunu, inflyasiyanın 2,6 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 9,5 faiz artdığını, valyuta ehyiyatlarımızın  45  milyard  dollara  çatdığını, xarici ticarət dövriyyəsinin 37 faiz, qeyri neft ixracının 14 faiz artdığını, ölkəmizdə 85 min daimi iş yerlərinin açıldığını qeyd etdi. Möhtərəm Prezidentimiz çıxışında bu il üçüncü Dövlət Proqramın  icrasının  başa çatdığını, proqramın  artıqlaması ilə icra olunduğunu, gələn  ilin  əvvəlində növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul ediləcəyini, dördüncü proqramda bu gün görə bilmədiyimiz işlərin  öz  əksini tapacağını və qarşımızda duran vəzifələrin icra ediləcəyini diqqətə çatdırdı.  
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci  ilin  9  ayında  ötən  ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,5 faiz artaraq 295 350 800 manat təşkil etmişdir. Ümumi  məhsul  buraxılışının  71,9  faizi istehsal sahələrində, o cümlədən 16,4 faizi sənayedə, 50,9 faizi kənd təsərrüfatında, 4,6 faizi tikintidə olduğu halda  28,1 faizi xidmət sahələrində, o cümlədən 1,1 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 26,8 faizi isə ticarətdə olmuşdur. Rayonun  sosial-iqtisadi inkişafı Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  2018-ci ilin 9 ayında  701 nəfər  işlə  təmin  olunmuşdur  ki, bundan 665 nəfəri daimi işlə təmin olunanlardır. Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2018-ci ilin 9 ayında Kürdəmir rayonunun 5 sahibkarına 334 min manat məbləğində kredit verilmiş və nəticədə 140 yeni iş yeri yaradılmışdır. Cənab Prezidentimizin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  həyata keçirilməsi nəticəsində 2018-ci ilin 9 ayında rayonumuzda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilatlarda müvəqqəti xarakterli 325 nəfər işlə təmin olunmuşdur. Hər il olduğu kimi bu il də “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 34 müəssisədən 246 boş iş yeri təqdim olunmuş, 82 nəfər daimi işlə təmin edilmiş, 38 nəfər “Xalçaçı” peşə kursuna, 21 nəfər isə  ictimai işlərə cəlb olunmuşdur. Cənab Prezidentin diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar 92 nəfər 5 qrupda özünüməşğulluq proqramına cəlb olunmuş və cari ilin sonuna qədər bu şəxslər öz biznes ideyaları əsasında bacardıqları fəaliyyət növü üzrə aktivlərlə təmin olunub kiçik sahibkar kimi fəaliyyətə başlayacaqlar. Hesabat dövründə Regionların Sosial-İqtisadi Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına  diqqət daha da artırılmışdır. Cənab Prezidentimizin qeyd etdiyi kimi kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Odur ki, biz çalışmalı, kənd təsərrüfatının bütün sahələrini maksimum  dərəcədə  inkişaf etdirməli, ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik.Hesabat dövründə rayonumuzda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, 45028 hektar sahənin taxılı biçilmiş, 136417 ton məhsul götürülmüşdür. Taxıl istehsalı əvvəlki ilə nisbətən 55717 ton artmış, hektardan məhsuldarlıq 30 sentnerə çatdırılmışdır ki, bu da ötən ildəkindən 10 sentner çoxdur. Taxıl istehsalının qarğıdalı dəni hesabına bir qədər də artırılması tədbirləri görülmüş, bu il 1250 hektarda dənlik qarğıdalı əkilmiş, indiyədək 2000 tondan çox dən götürülmüş və hazırda məhsul yığımı davam etdirilir. Taxılın toxumçuluğuna daha ciddi fikir verilmiş, toxum fonduna 5 min tondan çox dən ayrılmış, çeşidlənərək 4000 tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.Növbəti ilin məhsulu üçün bu il də 45 min hektardan çox taxıl əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək 38 min hektaradək taxıl əkiləcək sahənin şumu çıxarılmış, 5 min hektardan çox sahədə arpa, 1000 hektaradək sahədə buğda  əkilmiş, hazırda əkin işləri davam etdirilir. Hesabat dövründə 10606 hektarda yonca,  910 hektarda kartof, 1374 hektarda tərəvəz, 3105 hektaradək sahədə bostan, 130 hektarda günəbaxan, 15 hektarda yerfındığı, 133 hektardan çox sahədə soya, 60 hektarda şəkər çuğunduru becərilmişdir. Sahələrdən 11349 ton kartof, 16300 ton tərəvəz, 53700 ton bostan, 235 tondan çox günəbaxan, 623 tonadək şəkər çuğunduru istehsal edilmişdir. Bostan, tərəvəz, şəkər çuğunduru, qarğıdalı dəni, soya yığımı hazırda davam etdirilir.Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu  və bu sahənin ciddi inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə rayonumuzda bütün imkanlar təhlil olunaraq bu il 5030 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydalara uyğun aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Artıq ay yarımdır ki, pambıq yığımı aparılır. Yığıma 2000 nəfərdən çox  işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, sahələrdən 4000 tondan çox pambıq toplanılmışdır. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6500 nəfərədək işçi qüvvəsi cəlb edilmişdir. Möhtərəm Cənab Prezidentimiz baramaçılıq sahəsində də böyük inkişafın müşahidə edildiyini və bu sahənin  ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsini vəzifə kimi qarşıya qoymuşdur.Ölkə rəhbərinin tapşırığına əsasən baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonumuzda 18 nümayəndəlikdə 199 kümçüyə 520 qutu barama qurdu verilmiş, rayon üzrə 20380 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur. Rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 28  hektaradək sahədə istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 210 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd  kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir.Müşavirədə ölkə rəhbəri  aqroparkların  yaradılmasına  və  aqroparklarda  gedən işlərin gedişi və 192 min hektar sahədə 45 aqroparkın yaradılmasının nəzərdə tutulduğunu, ondan 4-nün isə istfadəyə verildiyini və ilin sonuna qədər 13 aqroparkın istifadəyə veriləcəyini  vurğuladı. Rayonumuzda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar  sektorun  innovativ  inkişafını  təmin  etmək  məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb  edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmış, hazırda aqroparklarda infrastrukturların  yaradılması, torpaqların  yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində  işlər davam etdirilir. Bu il aqroparklar tərəfindən 4000 hektaradək sahədə dənli bitkilər əkilmiş, 2040 hektar sahədə pambıq və digər yazlıq əkinləri aparılmışdır. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta məhsuldarlıq göstəricilərindən xeyli yüksəkdir. Rayonda Aqrolizinq ASC-nin regional nümayəndəliyinin rayon bölməsi fəaliyyət göstərir. Bölməyə 266 ədəd traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 18 müasir taxılyığan kombayn, 12 pambıqyığan maşın alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dən çox traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Sahələrin su təminatının yaxşılaşdırılması sahəsində də işlər görülür. Bu ilin 9 ayında 701 km kanal və 102 km dren şəbəkəsi lildən təmizlənmiş, 118 hidrotexniki qurğu, 6 nasos kompleksi və bir neçə beton və latok kanallar əsaslı təmir olunmuşdur.Rayonun Şilyan massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik “Şilyan” kanalında genişləndirmə işləri başa çatdırılmış, Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədi işə buraxılmışdır. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı artırılaraq 65156 başa, qoyun və keçilərin sayı 133319 başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 9,5 faiz, süd istehsalı 0,9 %, yumurta istehsalı 50,3 faiz, yun istehsalı 22,0 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Rayonda bu ilin 9 ayında 1321 baş  mal süni mayalandırılmış, 829 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Kürdəmir Baytarlıq İdarəsi tərəfindən hesabat dövrü ərzində 58493 baş iri buynuzlu, 133446 baş  xırda buynuzlu heyvanlarda, 1128 baş atlarda qarayara, 85925 baş iri buynuzlu heyvanlarda, 85962 baş xırda buynuzlu heyvanlarda isə dabaq, 55877 baş iri buynuzlu heyvanlarda infeksion nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. 7160 obyekt, 206090 m² ərazi dezinfeksiya olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2018-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 2942 m2 dam örtüyü dəyişdirilmiş, 3202 m2 sahədə suvaq işləri aparılmış, 18,2 m2 plastik pəncərə, 24 m2 dəmir qapı quraşdırılmış, 120 m2 sahədə keramika, 144 m2 sahədə isə ağlay üzlüklü material vurulmuş, daxili və xaici divar səthləri 2890 m2 sahədə emulsiya ilə rənglənmişdir.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda “Xalça istehsalı emalatxanası”nın tikintisi planlaşdırılmış, hazırda hər iki layihə üzrə tikinti işləri davam etdirilir.“ASAN xidmət” mərkəzində restoran, yüməkxana, çay evi tikililərinin dəmir-beton hissələri, “ASAN xidmət”in əsas binasında isə birinci mərtəbəsinin dəmir-beton hissələri tamamlanmışdır.“Xalça istehsalı emalatxanası”nın əsas tikinti işləri başa çatdırılmış, hazırda son tamamlama və ərazinin abadlaşdırılması işləri aparılır. “Azpetrol” yanacaq doldurma məntəqəsi və motel binasının tikintisində əsas dəmir-beton işləri tamamlanmış, arakəsmə divarlarının tikintisinə başlanılmışdır. Ərazidə yanacaq çənləri üçün yeraltı çən parkı və su hovuzları tikilmiş, əraziyə drenaj xətləri çəkilmiş və quyuları qoyulmuşdur. Ərazi doldurucu çınqıl materialı ilə doldurularaq kipləşdirilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ilin 9 ayında 21 saylı Yol İstismarı MMC tərəfindən yerli əhəmiyyətli Mollakənd-Axtaçı avtomobil yolunun 18-20-ci km-də 4625 m2, Cəyli avtomobil yolunun 4-6-cı km-də  720 m2, Xırdapay avtomobil yolunun 1-6-cı km-də 3400 m2 sahədə asfalt beton qarışığı ilə çala təmiri işləri aparılmış və hazırda təmir işləri davam etdirilir.Ölkə Prezidentinin sərəncamına əsasən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı ilə əlaqədar hazırda rayonun Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir, avtomobil yolunda torpaq işləri tamamlanmış, əsasın 20 sm qalınlıqda 370.000 m2 alt layı, 16 sm qalınlıqda isə 357.300 m2 üst layı karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış, ağır katok vasitəsi ilə kimpəşdirilmişdir. Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor avtomobil  yolunda 7 sm qalınlıqda 177.000 m2 iri dənəli asfalt örtüyünün alt layı və 177.000 m2 sahədə asfaltın üst layına xırda dənəli asfalt örtüyü vurulmuşdur. Hazırda həmin sahədə yol tikinti işləri davam etdirilir.2018-ci ilin 9 ayında Bakı-Ələt-Qazax avtomobil yolundan Şilyan, Qarasu və Muğanlı kəndlərinə giriş yollarına geriyə dönmə keçidləri qoyulmuş və lazımi yol nişanları ilə təmin edilmişdir.Rayonun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun  yatağı-nın torpaq işləri tamamilə qurtarmış, yolun üst layına karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ilin 9 ayında Kürdəmir şəhərinin Əfqan Abdullayev küçəsində 863 m2, Vidadi küçəsində 1170 m2, M.Ə.Sabir küçəsində 7220 m2, Cavanşir küçəsində 3630 m2, Aran qəsəbəsi ərazisində 2166 m2  asfalt örtüyü vurulmuşdur. Cari ilin 9 ayında rayonda müxtəlif diametrli 1952 p/m qaz xətti yenisi ilə əvəz edilmiş, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir. Şəhərin Bakı-Qazax avqomagistral yolunun kənarına yaxın hissəsində yaşayan 2200 abonentin qaz təchizatının yaxşılaşdırılması  məqsədi  ilə Sığırlı qaz paylayıcı şəbəkədən qidalanacaq diametri 315 mm olan 5500 metr uzunluğunda qaz xəttinin çəkilişi yekunlaşmış və əsas qaz xəttinə birləşdirilmişdir.Rayonun  qazlaşdırılan  Mollakənd, Muradxan və Qarasu kəndlərində tikinti-quraşdırma və tamamlama işləri başa çatmaq üzrədir.Yaxın  zamanlarda  adları qeyd olunan kəndlərə təbii qazın verilməsi həyata keçiriləcəkdir. Hesabat  dövründə  şəhərin  Cənub məhəlləsində və Xırdapay kəndində qaz təminatı zəif olan, ərazidə diametri 159 mm olan 500 p/m mövcud boru sökülərək yeni diametri 108 mm olan boru istifadə edilməklə 242 p/m qaz xətti quraşdırılmışdır. Hesabat  dövrü  ərzində  Kürdəmir  şəhər  əhalisinin içməli su təchizatının və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması  sahəsində  müəyyən  işlər görülmüşdür. 2018-ci ilin 9 ayı ərzində  şəhərə  gələn  mərkəzi  su xəttində siyirtmələr yenisi ilə əvəz olunmuş, xətt boyunca təmir işləri görülmüşdür. Şəhərin Heydər Əliyev prospektində, Xırdapay, Atakişili kəndlərində, şəhərin Cənub və 69-cu məhəllələrində su xətləri təmir edilərək su axıntısının qarşısı alınmışdır. 2018-ci ilin 9 ayı ərzində şəhərin H.Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Koroğlu, Nizami küçələrindəki, Aran qəsəbəsindəki və Hərbi şəhərciyin ərazisində mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. Xırdapay kəndi ərazisində 30 metr çirkab su xətti çəkilmiş və 2 ədəd quyu tikilmişdir. Çirkab su nasosu təmir edilərək saz vəziyyətə gətirilmişdir. Şəhərin M.Ə.Sabir küçəsində sel-yağış və çirkab suların axıdılması məqsədi ilə diametri 325 mm-lik polad borudan ibarət 450 p/m kanalizasiya xətti çəkilmiş, 10 ədəd kanalizasiya baxış quyusu tikilmişdir. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəm-ləndirilməsi, onların müasir avadanlıqlarla, ixtisaslı kadrlarla təmin olunması sahəsində konkret vəzifələr müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin edilmişdir.Sentyabr ayında Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilmiş, hazırda rayonun Çöl Ərəb, Çərtəyəz və Qurdbayram kənd ümumi məktəbləri yanında yeni modul tipli məktəb binalarının tikintisi başa çatmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Bağman kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin, Öyləqulu və Təklə kəndlərində isə hər biri 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuş, məktəblərin tikintisinə torpaq sahələrinin ayrılması sənədləri hazırlanmışdır.Rayon Təhsil şöbəsinin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələr ilə ölçülür.2018-ci ildə rayonun ümumtəhsil məktəblərini 906 nəfər şagird bitirmiş, onlardan 453 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə ilə müraciət etmişlər. Onlardan 205 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanlardan 31 nəfəri 500 baldan çox, 8 nəfəri isə 600 baldan çox nəticə göstərmişlər. 2018-2019-cu ilin tədris ilində rayonun 44 ümumtəhsil məktəbində 70 hazırlıq qrupu açılmış və həmin qruplarda 1334 nəfər uşağın təhsillə əhatə olunması təmin edilmişdir. Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən rayonda  əhalinin  tibbi  müayinədən  keçirilməsi təmin edilmiş,  100116 nəfər tibbi müayinədən keçirilmişdir.
Məruzə ətrafında rayon Rayon Telekommunikasiya Qovşağının rəisi Rüfət Qurbanov, Maliyyə idarəsinin  müdiri  Ayaz Cəbrayılov , 21 saylı Yol İstismarı MMC-nin  direktoru İlham Əzizli çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2018-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.
Sonda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  31 iyul 2018-ci il tarixli Sərəncamına əsasən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Hidayətov Məhəmməd Ata oğluna “Dövlət qulluğunda fərqlənməyə görə”  medalı təqdim olunub.

Keçidlər