Kürdəmirdə 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd olunub
5 oktyabr – Beynəlxalq müəllimlər günü Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə şəhərin “Muradxan” şadlıq sarayında bayram şənliyi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüb, ona hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev açdı.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısının müavini Ağali Kərimli çıxış edərək əlamətdar gün münasibəti ilə rayon müəllimlərini təbrik etdi, onlara daha böyük uğurlar arzuladı. O çıxışında bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 38 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilib ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaradıb. 2018-2019-cu tədris ilində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik müasir standartlara cavab verən yeni tam orta məktəb binasının açılışı edilərək məktəb kollektivinin istifadəsinə verilib. Eyni zamanda Pirəköcə kənd ibtidai məktəbi, Çöl-ərəb, Qurdlar, Çərtəyəz kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisində son tamamlam işləri görülür.Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 mart tarixli Sərəncamına əsasən Bağman kənd 80 şagird yerlik modul tipli tam orta məktəbi, Öyləqulu və Təklə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi İbrahimova Gülbəniz Qeyrət qızı “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsidir.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda təhsil sahəsində uzun müddət çalışan, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.