Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

01 oktyabr 2018 | 16:00

Oktyabrın 1-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, prokurorluq işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdi, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzuladı. Ceyhun Cəfərov öz çıxışında bildirdi ki, respublikamızın hüquq-mühafizə orqanları sistemində xüsusi yeri və mövqeyi olan prokurorluq orqanlarının yaranması 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edir. Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində prokurorluq orqanı təsis olunmuşdur. Bu dövrdən başlayaraq Azərbaycan prokurorluğu qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində çətin, lakin şərəfli yol keçmişdir.Cümhuriyyətin süqutundan sonra prokurorluq orqanlarının dinamik inkişafı ötən əsrin 70-80-cı illərinə-Ulu öndərin hakimiyyəti dövrünə təsadüf edir. 1969-cu ildə Ulu öndərin ölkə rəhbəri seçilməsi ilə respublikanın digər hüquq-mühafizə orqanları kimi, prokurorluq orqanlarının da fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmışdır.70-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev eyni zamanda hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüş, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbuluna imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı - respublikamızın hazırkı adlı-sanlı hüquqşünasları Ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar.Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır.Azərbaycanda hakimiyyətə qayıtdığı vaxtdan Ulu öndər Heydər Əliyevin əsas məqsədi tam hüquqi dövlət qurmaq, müasir tələblərə uyğun demokratik qanunlar qəbul etmək və dövləti məhz qanunlarla idarə etmək idi. Ona görə də qanunların icrasına nəzarət edən, eləcə də cinayətkarlığa qarşı mübarizə aparan bir orqan kimi prokurorluğun rolu daha da gücləndirildi. İstər ölkə daxilində yaranmış gərgin vəziyyət, vətəndaş qarşıdurması, ağır cinayətlərin artması, bir çox hallarda dövləti cinayətlərin baş verməsi, istərsə də xarici müdaxilələr, Dağlıq Qarabağ və onun ətrafında yaradılmış müharibə vəziyyətini nəzərə alan Ulu öndər Heydər Əliyev 1994-cü il avqustun 9-da "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, səlahiyyət dairəsi və vəzifələri təsbit edilmişdir.Hamımıza məlim olduğu kimi Ulu Öndərin  1998-ci  il 17  iyul  tarixli  Sərəncamı  ilə 01 oktyabr -  Prokurorluq  orqanları işçilərinin peşə  bayramı günü  kimi  təsis edilmiş və həmin ildən başlayaraq prokurorluq işçilərinin peşə bayramı hər il qeyd olunmaqdadır.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif edildilər.

Keçidlər