Kürdəmirdə daha bir yeni məktəb binası istifadəyə verilib
Kürdəmirin Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə rayon rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yeni dərs ilinin başlanması münasibəti ilə məktəbin pedaqoji kollektivini təbrik edib, yeni məktəb binasının onlara qiymətli hədiyyə olduğunu söyləyib. İcra hakimiyyətinin başçısı, həmçinin qarşıdakı illərdə təhsil ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
Çıxış edən müəllimlər, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri kənddə yeni məktəb binasının tikildiyinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Mərasimdə rəmzi qırmızı lent kəsilib, qonaqlar sinif otaqları və fənn kabinetlərini gəzmiş, yaradılmış şəraitlə tanış olublar. ikimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Təhsil ocağında havalandırma, soyutma və istilik sistemləri qurulub, su və elektrik xətləri çəkilib, həyətdə abadlıq işləri görülüb. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.