Karrar qəsəbəsində səyyar görüş-qəbul keçirilib
Sentyabrın 13-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Muğanlı, Xınıslı və Karrar qəsəbəsinin əhalisi ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Xınıslı kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, səhiyyə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.