Kürdəmirdə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib
Avqustun 17-də Kürdəmir şəhərindəki “İmam Rza” məscidində Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədovun və QMİ- nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərovun çıxışları dinlənilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə eyni zamanda məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.