8 Mart Beynəlxalq qadınlar günü qeyd edildi
2013-cü il 7 mart tarixdə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Kürdəmir rayonunun “Kürdəmir şadlıq evi”ndə bayram şənliyi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınları iştirak edirdi.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev qadınları bayram münasibətilə təbrik etdi. Ürək sözlərini söyləyərkən tarixə qısa ekskursiya edən İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı sonda vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Kürdəmir incəsənət ustalarının ifa etdikləri şən, oynaq musiqi nömrələri, rəqs qruplarının, nümayiş etdirdikləri rəqs nümunələri şənliyi daha da rövnəqləndirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.