Cəyli kənd əhalisi ilə görüş keçirilmişdir.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov fəaliyyətə başladığı ilk gündən sakinləri narahat edən məsələləri onların öz dilindən eşitmək məqsədilə şəhərdə, eləcə də kəndlərdə sakinlərlə səyyar görüşlər keçirir, vətəndaşların müraciətlərini dinləyir, qaldırılan məsələlərin həll edilməsi istiqamətində konkret tapşırıqlar verir. Rayon rəhbərinin fəaliyyətinin ən əsas hissəsinə çevrilmiş səyyar görüşlər artıq bir ənənə halını alıb. Bu gün rayonun Cəyli kəndində keçirilən səyyar görüş vətəndaş amilinin ən bariz nümunəsidir. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.Ceyhun Cəfərov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə inkişaf vardır. O cümlədən əhalinin məşğulluğunun təmin edilməsində, kənd sakinlərinin rifah halının yaxşılaşdırılmasında pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətindən danışmışdır. Görüşdə iştirak edən kənd sakinləri Zeynalov Zaman , Əliyeva Şəhla , Hüseynov Ələddin və başqaları çıxış edərək kəndə qrunt suları axıdan kanalın lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , kəndarası yolların təmir edilməsi barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.