Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunan dəyirmi masa təşkil olunub.
13 İyun 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunan dəyirmi masa təşkil olunub.Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edibdilər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon şöbəsinin foyesindəki büstü önünə gül dəstələri düzüblər. Tədbirdə "Qurtuluşdan intibaha doğru" adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kuliminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, qətiyyətsizliyi yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq son ümid yeri kimi Ulu öndər Heydər Əliyevə müraciət etdi. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri axın-axın Naxçıvana gedir, bu böyük, qüdrətli şəxsiyyətdən Bakıya dönüb respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə xahiş edirdilər. Ziyalılar müdrik şəxsiyyətə məktubla müraciət edərək mövcud vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyi bacaracaq və Azərbaycanı məhv olmaqdan xilas edə biləcək şəxsin yalnız onun olduğunu bildirdilər, təkidlə xahiş etdilər ki, ölkəni böhrandan qurtarmaq üçün yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq versin. Ziyalıların müraciətinə cavab verən Ulu öndər Azərbaycanda baş verən hadisələrdən, ölkənin gələcək taleyindən ciddi narahat olduğunu və ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bildirdi. O vaxt artıq ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan acizanə xahiş edirdi. Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələ-milli qurtuluş başlandı. Bu, inkişaf, tərəqqi, yeniləşmə və yüksəliş dövrü oldu.
Dəyirmi masada “Heydər Əliyev müstəqil Azərbaycanın” mövzusunda E. Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktoru Xidmət Əhmədov, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda şəhər 6 saylı tam orta məktəbinin tarix müəllimi Elnurə Eminbəyli, “Tarixi qayıdış və xalqın qurtuluşu ” mövzusunda şəhər 2 saylı tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Günay Əsgərova və “Tarixin dönüş anı” mövzusunda YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli çıxış edərək Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətindən, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması olmasından, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışdılar.Dəyirmi masanın sonunda Yeni Azərbaycan Partiyasına yeni keçən gənclərə Partiya biletləri verildi.