Rayonun Qaramahmudlu kəndində səyyar görüş-qəbul keçirilib
İyunun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Qaramahmudlu kənd ümumi orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən kənd sakinləri Mirbəşir Tağıyev, Nazim Qarayev, Ağamməd Gülməmmədov, Arif Qarayev və başqaları çıxış edərək kəndə gələn yolun təmir olunmasından, taxıl sahələrinin biçinin həyata keçirilməsi üçün əlavə kombaynlarla təmin edilməsindən, həmçinin kənddə yeni tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.