Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən qurulur

17 may 2018 | 16:00

Bakı, 17 may, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 2 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71,2 kilometr uzunluğunda olan Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarıdır.

Başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 184-cü kilometrindən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən artıq əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

34 kilometr uzunluğa malik avtomobil yolunun təqribən 20 kilometri deformasiyaya uğrayıb çınqıl örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılıb, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 santimetr qalınlıqda qum-çınqıl qarışığı ilə aparılıb. Daha sonra yol əsasının üst layının 12 santimetr qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.

Yolun 14 kilometrlik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa ediləcək.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yolun asfaltlanması işlərinə start veriləcək ki, bu zaman yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq. Bu işlər 200 min kvadratmetrdən çox ərazini əhatə edəcək.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa yolda yerləşən 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır.

Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq.

Bu tədbirlərin icrası, ilk növbədə, Pirili-Muradxan-Sor-Sor marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

 

Keçidlər