Kürdəmirdə “15 may – Beynəlxalq ailə günü” qeyd edilib
Mayın 15-də rayonun Heydər Əliyev Mərkəzində “15 may – Beynəlxalq ailə günü” münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq bildirdi ki, “15 may - Beynəlxalq ailə günü” BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildə Qadın Problemləri Üzrə Dövlət Komitəsi yaradıldı, 1998-ci ildə qadınların 1-ci qurultayı keçirildi, 2000-ci il mart ayının 6-sında “Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalandı. Bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci vitse-prezdenti Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün prezident İlham Əliyev tərəfindən Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə gender bərabərliyi 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edildi.
Tədbirdə əmək qəhrəmanı Sevil Osmanova, “Tərəqqi” medallı xalçaçı qadın Zariyyat Eyyubova, YAP qadınlar şurasının sədr müavini Elmira Şıxaliyeva, şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailənin həmişə ən yüksəkdə dayandığını vurğulayıblar.
Daha sonra “Azərbaycan Ailəsi 2017” film festivalından seçilmiş filmlərə baxış keçirildi.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzində Kürdəmir rayonunun Mürtülü kənd sakini Atayev Zamir Dəmir oğlu ilə Yenikənd kənd sakini Məmmədova Aişə Təhmasib qızı arasında nikah bağlanıldı.