Kürdəmirdə ət, süd və yumurta istehsalı artıb
Kürdəmir rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Təsadüfi deyil ki, cari ilin birinci rübündə məhsul istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin ilk üç ayında rayonda kəsim üçün diri çəkidə 2076 ton ət, 10 min 666 ton süd, 6 milyon 894 min ədəd yumurta istehsal olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 16,6 faiz, yumurta istehsalı isə 84,4 faiz çoxalıb.
Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin xüsusi önəm kəsb etdiyi bir vaxtda idxaldan asılılığın tamamilə aradan qaldırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər hər yerdə, o cümlədən Kürdəmirdə də öz bəhrəsini verməkdədir. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi aqrar sektorun digər sahələrində olduğu kimi, heyvandarlıqda da dinamik inkişafı təmin edib. Təsadüfi deyil ki, ilin ilk rübündə Kürdəmirdə istehsal olunan ətin 99,2 faizi, südün 91,6 faizi, yumurtanın 93,2 faizi sahibkarların, ailə kəndli təsərrüfatlarının payına düşür. Bu sahədə 700 baş cins inəyin bəslənildiyi və gündəlik istehsal gücü 180 ton olan “Azərsun Holdinq”ın “Kürdəmir Süd Kompleksi” MMC-nin, Cəyli kəndindəki “Zibeyir”, Şilyandakı “Qoca” və digər fermer təsərrüfatlarının fəaliyyətləri diqqətəlayiqdir.