Kürdəmir rayonunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir
2013-cü il 23 fevral tarixində Kürdəmir rayonun Mədəniyyət evində İrəvan Dövlət Azərbaycan Dram Teatrı Xocalı faciəsi qurbanlarının xatirəsini “Soyqırımı tarixinin dastanı” tamaşası ilə yad etdi.
Tamaşada Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri,ağsaqqallar, ziyalılar və gənclər iştirak edirdilər.
Birhissəli xronikal dramatik məzmunlu dastanın müəllifi teatrın direktoru, şair-dramaturq İftixar Piriyevdir. Tamaşada xalq artistləri Elmira İsmayılova , Tamella Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova və digər aktyorlar iştirak edirdilər. Bu səhnə əsərində ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən, Xocalı faciəsindən, eləcə də türk generalı Nuru Paşanın və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıqlarından bəhs olunmuşdur.
Tamaşa böyük marağa səbəb olmuş,vətənpərvərlik ruhunu yüksəltmiş və alqışlarla qarşılanmışdır.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək bildirmişdir ki,ermənilər tarixən Azərbaycan türklərinə və digər türk xalqlarına qarşı soyqırımı hadisələri törətmişdir.Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı facıəsində günahsız yerə öldürülən və işgəncəyə məruz qalan qocaların, qadınların və körpələrin xatirəsi daim ürəyimizdə yaşayacaq, bu dəhşətli faciə tezliklə beynəlxalq qiymətini alacaq, hadisənin günahkarları isə cəzalandırılacaqlar. Bundan 21 il əvvəl 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirərək soyqırım törətdi.Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq məhv edildi.
Hal-hazırda Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qaygısı nəticəsində regionun ən güclü ordusuna çevrilmişdir. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalandıracağıq.Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev tamaşanın qoyuluşunda əməyi keçən hər bir şəxsə, teatrın rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirdi.