Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları yola salınıblar
Kürdəmirdə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyaya yola salınması münasibətilə tədbir keçirilib.
Mərasim iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdilər. Tədbirdə çıxış edən şəhər 3 saylı tam orta məktəbin müəllimi Şəfəq Şirəliyeva, tur-aksiya iştirakçıları, şəhər 3 saylı tam orta məktəbin şagirdi Aidə Əsgərova, şəhər 6 saylı tam orta məktəbin şagirdləri Fidan Yaqubova və Kamil Xələfov, valideynlər Rza Rzayev və Ruhiyyə Yaqubova “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tədbirdə çıxış edərək vurğuladı ki, artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştiraki ilə “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq ənənə halı alıb. “Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədi şagirdləri müxtəlif bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən şagirdlər ölkəmizin ayrı-ayrı bölgələri haqqında zəngin məlumata yiyələnəcəklər. Gəncə-Göygöl-Şəmkir bölgəsinə səfər edən məktəblilər genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olur, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb və sərəncama uyğun tədbirlər keçiriləcəkdir.
Ekskursiyada məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları Gəncənin yeni xəritəsində əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları ilə tanış olacaq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.
Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcəkdir ki,bu da ayri-ayri bölgələrin məktəbliləri arasında dostluq münasibətlərinin yaranmasına gətirib çıxaracaqdır.
Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də “Formula-1” yarışlarını misal göstərmək olar. Bütün bunlara Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində nail olunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər arasında təbliği üzərində qurulub. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Tur zamanı şagirdlərdə vətənpərvərlik hisslərini inkişaf etdirmək məqsədilə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilməlidir. Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. 2016-cı il aprel ayında torpaqlarımızın bir hissəsinin azad olunmasında Ali baş komandan Ölkə Prezidenti cənab İlham Əliyevin çox böyük siyasi iradəsi, qüvvəsi durur. Onun söylədiyi bu sözlər uşaqdan böyüyə hamının dilində əzbərə döndü.”Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun.” Hörmətli prezidentimiz cənab İlham Əliyev dəfələrlə qeyd etdiyi kimi ,Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
Rayonumuzun övladları da aprel hadisələrində öz rəşadətlərini göstərdilər.İki şəhidimiz oldu . Əbubəkr və Tural başda olmaqla qoy şəhidlərimizin ruhu şad olsun.Artıq onların düşmən tapdağından azad etdiyi torpaqlarda güllər bitir, cənnətməkan salınır. Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində ölkə prezidentinin tapşırığına əsasən genişmiqyaslı işlərə başlanılıb.Qısa müddət ərzində Cocuqmərcanlıda gözəl bir qəsəbə salındı:geniş asvalt yolları,yaşayiş binaları,məktəbi və digər sosial obyektləri olan bu qəsəbə düşmənə çox böyük psixoloji zərbə olmaqla, ”Böyük Qayıdışın “başlanğıcı oldu. 20 ildən artıqdır ki, bizim torpaqlarımızin bir hissəsi ermənilərdə olduğu halda,onlar bu ərazilərdə demək olar ki,heç bir iş görməyiblər,amma bizim torpaqlarımızın bir hissəsini aldığımız bir ildir,qururuq , yaradırıq ,çünki bilirik ki, bu torpaqlar bizimdir .Artiq ermənilər də çox gözəl başa düşürlər ki,Qarabağ torpaqları onların deyil,bu gün Cocuqmərcanlıda görülən işlər bir gün Şuşada,Xankəndində görüləcəkdir! Bu barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün çox vacibdir.
Ekskursiya zamanı məktəblilərin Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş, Londondan Pekinədək uzanan dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu və digər lahiyələr barədə məlumatlandırılmasının da çox böyük əhəmiyyəti vardır . Şagirdlərə beynəlxalq aləmdə, xüsusən də şərq ölkələrində münaqişələrin baş verməsinə baxmayaraq, ölkəmizdə ölkə başçımızın uğurlu siyasəti nəticəsində siyasi-sabitliyin qorunub saxlanması, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması, gənclərin dini-xurafata meyllənməməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi barədə məlumatların verilməsi də çox vacibdir.
Tur-aksiya iştirakçıları Ümummilli liderin adını daşıyan parkdan Gəncə, Göygöl və Şəmkir rayonlarına yola düşdülər.