Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ - ın Azərbaycandakı səfiri Kürdəmirə səfər etmişdir.

23 fevral 2013 | 16:00

2013-cü il 21 fevral tarixində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Moninqstar Kürdəmir rayonuna səfər etmişdir. Səfərin məqsədi Kürdəmir rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika mərkəzi”nin işi ilə tanışlıq, mərkəzdə yaradılmış ingilis dili və kompyuter kurslarında iştirak edən kürdəmirli uşaqlarla görüşmək, kitabxananın işi ilə yaxından tanış olmaq olmuşdur. Səfər zamanı ABŞ səfirini onun həyat yoldaşı xanım Fatih  Pierce Moninqstar və səfirliyin əməkdaşları müşayiət etmişlər.
          Səfər proqramına uyğun olaraq səfir Riçard Moniqstar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı cənab İrşad Əliyevlə görüşmüşdür.
         Kürdəmir rayon İcra Hakimiyyətində baş tutan görüşdə ABŞ səfiri ilə rayon İcra Hakimiyyətinin Başçısı ABŞ – Azərbaycan iqtisadi münasibətlərindən, iki ölkə arasındakı mədəni əməkdaşlığın inkişafı məsələlərindən ətraflı bəhs etmişlər. Görüş zamanı ABŞ səfirliyinin köməkliyi ilə regionlarda həyata keçirilən layihələrin əhəmiyyətindən ətraflı söhbət açılmış, kitabxanaların inkişafı istiqamətində həyata keçiriləcək məsələlər  müzakirə edilmişdir. Görüşdə Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın məruz qaldığı işğal siyasəti pislənmiş, qondarma Dağlıq Qarabağ problemi nəticəsində  xalqımızın üzləşdiyi ağır mərhumiyyətlərə, işğal nəticəsində Azərbaycan mədəniyyətinə dəyən ağır zərbəyə, işğal ərazilərindəki  mədəni sərvətlərimizin, tarixi abidələrimizin erməni vandalizmi nəticəsində məhv edilməsi faktına diqqət yetirilmişdir.
       Görüş zamanı işğal olunmuş Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasına, tarixi faciə olan Xocalı  soyqırımına siyasi qiymət verilməsinə ABŞ rəsmilərinin münasibət bildirməsinin vacibliyi səfirin diqqətinə çatdırılmışdır.
       Rayon rəhbəri səfirə  Kürdəmir rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
        ABŞ – ın Azərbaycandakı səfiri Riçard Moninqstar Azərbaycanın regionlarında 5 “Amerika mərkəzi”nin  fəaliyyət göstərdiyini qeyd  etmiş   və  Kürdəmir rayon Mərkəzi kitabxanasında yerləşən “Amerika mərkəzi”nin fəaliyyətinə göstərdiyi  yaxından köməkliyə görə rayon İcra  Hakimiyyətinin Başçısına öz dərin təşəkkürünü bildirmişdir.
        Görüşdən sonra ABŞ səfiri Kürdəmir rayon Mərkəzi kitabxanasında olmuş, kitabxananın və “Amerika mərkəzi”nin işi ilə yaxından tanış olmuşdur. “Amerika mərkəzi”ndə ingilis dili və kompyuter kurslarının iştirakçısı olan uşaqlarla çay süfrəsi arxasında görüş keçirilmişdir.
         ABŞ səfiri və onun xanımı uşaqları maraqlandıran suallara cavab vermişlər.
       Səfər çərçivəsində ABŞ səfirinin xanımı Fatih Pierce Moninqstar yerli dini icmanın rəhbəri,rayon qadınlarının nümayəndələri və kitabxananın kollektivi ilə görüşmüşdür.

Keçidlər