Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin daha 4 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılır

17 fevral 2018 | 16:00

Kürdəmir, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, hazırda Kürdəmir rayonunun 3 min nəfərə yaxın əhalisi olan 4 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu tikilir.

Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uzun illər ekoloji cəhətdən təmiz içməli su təminatında çətinliklər olan Qoçullu, Axtaçı-Qarabucaq, Bağman və Garis-Əyribənd kəndlərində bu məsələ dövlətimizin başçısının diqqət və qayğısı sayəsində artıq öz həllini tapır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə həmin kəndlərdə modul tipli sutəmizləyici qurğu quraşdırılıb, boru kəmərləri çəkilib. Hazırda yaşayış məntəqələrində bulaq inşa edilir. Layihə çərçivəsində bu kəndlərdə, ümumilikdə, 70 bulaq tikiləcək. Bulaqların Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olunandan bəri Kürdəmir rayonunun 39 yaşayış məntəqəsində 50 mindən artıq əhaliyə xidmət edən modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Keçidlər